“Neftçi” rəsmisi Avropa Liqasında hansı klubla düşmək istədiklərini açıqladı
“Avropa Liqasında mübarizə aparırıqsa, hansı səbətdə yer almağımızdan asılı olmayaraq, rəqiblərə “zəif” demək düzgün deyil. İstər-istəməz, bu turnirdəki oyunlar çətin olacaq. Çünki mərhələ bir oyundan ibarətdir. Futbol da elə bir oyundur ki, 90 dəqiqə müdafiədə oturub, bir hücumla qol vurub, qalib gələ bilərsən”.
Bunu Oxu.Az-a “Neftçi”nin idman direktoru Ceyhun Sultanov deyib.
“Neftçi”nin bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək. Artıq “Neftçi”, eləcə də, digər təmsilçimiz “Keşlə”nin potensial üç rəqibi bilinir. Komandalarımıza Şimali Makedoniyanın “Şkupi”, Albaniyanın “Laçi” və Gürcüstanın “Dinamo” (Batumi) klublarından biri düşəcək.
Püşkatmadan öncə Ceyhun Sultanov fikirlərini bildirib. O, daha çox Şimali Makedoniya klubuтф düşmək istədiklərini vurğulayıb:
“Analiz edəndə hər üç rəqib dişimizə görədir. Aralarında “Şkupi” nisbətən asan görünür. Çünki Şimali Makedoniyada çempionatın səviyyəsi əvvəlki kimi deyil. Ona görə də püşkdə “Şkupi”nin bizə düşməsi yaxşı olar.
Bununla belə, bu rəqib bizə düşsə də, diqqətli olmalı, oyuna düzgün yanaşmalı, yaxşı hazırlaşmalıyıq. Onların üstünlüyü Şimali Makedoniyada çempionatın başlamasındadır”.
Qeyd edək ki, “Şkupi” Azərbaycan kimi yarımçıq dayandırılmış Şimali Makedoniya çempionatını beşinci yerdə başa vurub. Çempion “Vardar” avrokuboklara lisenziya qazana bilmədiyindən, “Şkupi” avrokuboklarda iştirak edir.
Beş il əvvəl Avroliqada “İnter”lə (indiki “Keşlə”) qarşılaşıb, mərhələ keçə bilməyən “Laçi” Albaniya üçüncüsüdür. Batumi “Dinamo”su isə “Neftçi” kimi öz ölkəsinin gümüş mükafatçısıdır.
Səbuhi Musayev