Fazil Məmmədov niyə vəzifədən çıxarıldı? – Səbəblər
Prezident İlham Əliyevin sərəncamı ilə Vergilər naziri Fazil Məmmədovun vəzifədən azad edilməsi ətrafında ekspertlərin müxtəlif ehtimalları səsləndirilməkdədir.
Axar.az xəbər verir ki, Prezidentin qərarının daha çox Vergilər Nazirliyinin strukturunda ciddi dəyişikliklə bağlı olduğu ehtimal edilir. Belə ki, Vergilər Nazirliyi hazırda ən çox ştat yükü olan struktura sahib dövlət qurumlarından biri sayılır. Təkcə keçmiş nazir Fazil Məmmədovun özünə təyin etdiyi müşavirlərin sayı rekord həddə idi. Belə ki, noyabrın 30-na qədər 14 müşavirlə çalışan eks-nazir həmin gün daha bir müşavir təyinatı ilə bu sayı 15-ə çatdıran ilk nazirimiz olmuşdu.
Həmçinin Vergilər Nazirliyinin ştatının da bu prinsipə uyğun olduğu haqda rəylər mövcuddur. Bir-birinin fəaliyyətini təkrarlayan idarə və şöbələrin mövcudluğu isə nazirliyin çevik fəaliyyətinə maneə yaradır.
Ekspertlərin qənaətinə görə, yeni təyinat Vergilər Nazirliyinin strukturunun daha çevik və mobil işləməsinin hədəf götürülməsindən doğur. Belə ki, post-neft dövrü üçün iki ildir hazırlıqlar aparan Azərbaycan hakimiyyəti Vergilər Nazirliyinin yeni dövrün tələblərinə daha çevik reaksiya verməsi üçün islahatlarını davam etdirməkdədir.
Digər məqam isə sahibkarlarla nazirlik rəhbərliyi arasında birbaşa əlaqə ilə bağlıdır. Bir müddət öncə, dünyada neft qiymətlərinin kəskin ucuzlaşması və Azərbaycanın yeni iqtisadi strategiyanı tətbiq etməsi fonunda Vergilər Nazirliyi sahibkarlarla görüşlər təşkil edir və onların qaldırdığı məsələlər istiqamətində addımlar atacağı ilə bağlı müsbət mesajlar verirdi. Təsadüfü deyil ki, nazirliyin rəhbərliyi ilə birbaşa ünsiyyətdə sahibkarlar qarşılaşdığı problemi ifadə etmək və həllinə nail olmaq fürsəti qazanmışdılar ki, bu da onlarda böyük stimul yaradırdı. Təəssüf ki, qısa müddətdən sonra bu müsbət tendensiya davam etdirilmədi və sahibkarların birbaşa ünsiyyəti istiqamətində atılan addımlar yarıda saxlanıldı.
Bəzi iddialara görə, Fazil Məmmədovun səhhətində yaranan müəyyən problemlər nazirin aktiv fəaliyyətinə mane olurdu və müşavirlərin çox olması səbəbi bununla əlaqədar idi.
Ancaq hazırda daha gənc (41 yaşı var), daha enerjili və səhhətində heç bir problem olmayan Mikayıl Cabbarovun aktiv işləməsi üçün müşavirlər ordusuna ehtiyacı yoxdur. Ehtimal olunur ki, yeni nazir problemləri birbaşa öyrənməklə, həllinə nail olunmasında, həmçinin çevik qərarların icrasında ən azı fiziki baxımdan daha imkanlıdır.
Həmçinin, Mikayıl Cabbarov sələfindən fərqli olaraq, həm də hüquqşünasdır. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. 1999-cu ildən ABŞ-ın Nyu York ştatında Vəkillər Kollegiyasının üzvüdür.
Onu da xüsusi vurğulamağa ehtiyac var ki, M.Cabbarov təhsil sistemindən daha çox, iqtisadiyyatla bağlıdır. Belə ki, 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib.
Başqa sözlə desək, yeni nazir Vergilər Nazirliyi sistemində islahatlar həyata keçirmək üçün kifayət qədər hazırlıqlı və təcrübəlidir.
Son olaraq isə onu qeyd edək ki, Fazil Məmmədov nazirlik təsis edilən ilk gündən – 2000-ci il fevralın 11-dən nazir vəzifəsini daşıyır, 18 ilə yaxındır.