“Bu, bizi sevindirir, qürurlandırır” - Millət vəkili



 

“Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur. Bu, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin, Birinci vitse-prezidentinin uğurudur. Bu, Azərbaycan gəncinin və Azərbaycan idmanının uğurudur. Bu, Azərbaycanın inkişafının göstəricisidir. Bu, Azərbaycanın idmana olan yüksək münasibətidir və ölkəmizin idman siyasətinə verilən qiymətdir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

Komitə sədri bildirib ki, ayrı-ayrı ölkələrin gimnastika federasiyalarının rəhbərlərinin Fərid Qayıbov və Azərbaycanda gimnastikanını inkişafı ilə bağlı səsləndirdikləri fikirlər çox qururvericidir: “Qısa müddət ərzində bu sahədə əldə edilən uğurlarda Fərid Qəribovun da böyük əməyi var. Azərbaycan Gimnastika Federasiyası ardıcıl və düşünülmüş şəkildə fəaliyyət göstərir. Heç şübhəsiz ki, Birinci vitse-prezident Mehriban Əliyevanın bu federasiyaya rəhbərlik etməsi öz sözünü deyir. Bu gün yalnız ölkəmizdə deyil, dünya səviyyəsində Azərbaycan Gimnastika Federasiyası nümunə kimi göstərilir. Bu, bizi sevindirir, qürurlandırır. Bu münasibətlə başda Fərid Qayıbov olmaqla bütün Azərbaycanı, idman ictimaiyyətini, gimnastlarımızı Milli Məclisin Gənclər və İdman Komitəsi adından təbrik edirik”.