Əşrəf Qəninin Bakı səfəri başa çatdı
13:08
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni ilə təkbətək görüşü olub.
Axar.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.
Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
***
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın Maliyyə naziri Eklil Əhməd Hakimi imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın Maliyyə naziri Eklil Əhməd Hakimi imzalayıblar.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Əfqanıstan İslam Respublikasının Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Əfqanıstanın Xarici İşlər naziri Səlahuddin Rəbbani imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində Saziş”i Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Əfqanıstanın Xarici İşlər naziri Səlahuddin Rəbbani imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava xidmətləri haqqında Saziş”i Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rəbbani imzalayıblar.
***
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni mətbuata bəyanatlarla çıxış ediblər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin birgə işçi naharı olub.
***
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikasına səfəri dekabrın 1-də başa çatıb.
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qənini hava limanında Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistandakı və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər yola salıblar.