Vətəndaşların bəzi dövlət qurumlarına niyə etimadı yoxdur?



 

Sahib Məmmədov: “Dairə o qədər daralıb ki...”

İnsanların yaşam tərzinin formalaşması ilkin olaraq sosial-iqtisadi göstəricilərlə bağlıdır. İqtisadiyyatı güclü, buna görə də sosial şərtləri qənaətbəxş olan ölkələrdə bu məsələ problem səviyyəsinə qalxmır. Doğrudur, dünyanın inkişaf etmiş ölkələri də zaman-zaman qlobal iqtisadi böhranla üzbəüz qala, iqtisadiyyatını çökdürə və yenidən dirçəldə bilir. Bu, inkiaf etmiş və yaxud, inkişaf etməkdə olan ölkələrdə hər an baş verə biləcək hadisədir. Bu mənada, nəhəng ölkələrlə müqayisədə normala yaxın və ya zəif olan ölkələr üçün iqtisadi böhran az qala fəlakət kimi qəbul edilir - sosial həyatın əsas şərtlərini məhz iqtisadi göstəricilər təyin və həll etdiyi üçün.

Azərbaycanın iqtisadi cəhətdən güclü inkişaf etdiyi barədə formalaşan fikrə münasibət əslində, birmənalı deyil. Az qala hər gün yenilənən infrastruktur, çəkilən yollar, ərazilər üzrə tikinti bumu, söküntü-yenidənqurma işləri, salınan körpülər insanlar arasında mövcud olan fikir ayrılığna necə deyərlər, körpü sala bilməyib. Hamı təsdiq edər, plüralizm və söz-fikir azadlığı, demokratiya şəraitində tutduğu mövqe və vəzifədən asılı olmayaraq, vətəndaşlar baş verən hadisələrə münasibətdə eyni düşüncə nümayiş etdirmirlər. Siyasi çevrə baxımından, istər iqtidar-müxalifət düşərgəsində, istərsə də sadə xalq və ya yüksək vəzifə kürsüsündə əyləşən şəxsin fikirləri olsun, toplumun əqidə və amalları eynicinsli deyil. Ona görə də təkcə ictimai-siyasi proseslərdə deyil, sosial-iqtisadi istiqamətdə baş verən hadisələrə, fərqi yoxdur, yeniliklərə, köhnədən qalma məsələlərə də müxtəlif baxış bucağı mövcuddur. İstənilən sahədə, misal üçün, sosial sferada verilən hansısa fərman-sərəncamlara, yaxud, iqtisadi yöndə aparılan yenidənqurma işlərinə, ya da ictimai-siyasi proseslərə sərgilənən münasibətlər çoxşaxəli və rəngarəngdir. Bu çoxluğun içində tək həqiqəti tapmaq mümkünsə də, onu isbat etmək və həyata tətbiq etməyə vəsiqə qazandırmaq olduqca çətin, uzunmüddətli və az qala insanlığın həyatı bahasına başa gələn işdir. Təkrar edirik, vətəndaşların həyatının, yaşamının əsas şərti hesab edilən sosial-iqtisadi məsələlərdə də bu məqam hər şeydən əvvəl boy verir, özünü göstərir. Bir qisim hökumətin yeni iş yerlərinin, məşğulluğun artması, bu prosesin dayanmadan sürətlənməsi barədə bəyan etdiyini alqışlayır, bir qisim bu fikirlərə şübhəylə yanaşır, digər qisim isə, haqq-nahaq, deyilənlərin hamısını birmənalı şəkildə inkar və rədd edir. Göründüyü kimi, fərdlər müxtəlif, yanaşmalar da fərqlidir. Lakin bütün bunların hamısını üstələyən fikir o olardı ki, görülən iş müsbət nəticəni özündə cəmləyərdi. Lap açıq desək, sosial vəziyyəti ağır, dözülməz olan vətəndaşların iş qabiliyyətli kəsiminin hamısı özünü və ailəsini dolandıracaq səviyyədə iş yerləriylə təmin edilsəydi, hamı birmənalı şəkildə eyni zindana çəkic vurardı. Amma təəssüf...

Təəssüf yaradan məqamlardan biri, desək ki, ən əsası, məşğulluq məsələləridir. Bu prosesin ən sadə forması isə ölkənin məşğulluq xidməti mərkəzləridir.

Xatırladaq ki, ötən ildən başlayaraq Azərbaycanda işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb. Müəssisənin ləğvi, yaxud, işçilərin ixtisar edilməsi nəticəsində işsiz qalan və mərkəzlərdə işsiz kimi qeydiyyata alınan şəxslərə işsizlikdən sığorta ödənişi verilir. Rəsmi məlumata görə, Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il 2449 nəfərə işsizlikdən sığorta, 6331 nəfərə isə işsizlik müavinəti ödənilib.

Bu gün məşğulluqla bağlı proqramlar olsa da, böyük əhali qrupu onlardan xəbərsizdir. Ən azı, ölkə əhalisinin hamısı bu sistemlə tanış deyil. Bundan əlavə, vətəndaşlar iş yerlərini itirdikdə və ya işsiz statusunda olanda belə mərkəzlərə müraciət edirlərmi?

Bir neçə nəfərin timsalında deyə bilərik ki, ölkənin məşğulluq mərkəzləri bütövlükdə vətəndaşların etimadını qazana bilməyib. Kimsə işini itirəndə, işdən çıxarılanda, ixtisara düşəndə ağlına gətirmir ki, ona işlə bağlı təkliflərin, vakansiyaların təqdim olunacağı belə bir dövlət qurumları da var və fəaliyyət göstərir. Bu söhbətlərdə ağla gələn ilk sual isə bu olur: “Əcəba, ölkə vətəndaşları niyə məşğulluq mərkəzlərinə etimad göstərmir?”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bizimlə söhbətində qeyd edir ki, bu gün məşğulluq mərkəzlərinə təqdim edilən iş yerləri insanları təmin edən iş yerləri hesab edilmir. Yəni məşğulluq mərkəzləri tərəfindən təqdim edilən iş yerləri məsafə və əməkhaqqı baxımından insanları təmin etmir. Burda vacib bir məqam da var, belə ki, bugünədək vətəndaşlar məşğulluq mərkəzlərinə ünvanlı sosial yardım almaq üçün qeydiyyata dururdu: “İndi isə bir qisim şəxs ixtisara düşübsə, oraya işsizlik müavinəti almaq üçün müraciət edirlər. Amma son vaxtlar bəziləri orda işaxtaran kimi qeydiyyata düşürlər. Düzdür, yeni proqramlara start verilib, misal üçün, özünüməşğulluq proqramları, peşə yönümünün dəyişməsi üçün kurslar və s. məsələlər həmin mərkəzləri vətəndaşlar üçün maraqlı edəcək. Sizinlə razıyam ki, ənənəvi olaraq həmin quruma indiyədək etimad yox idi”.

Həmsöhbətimiz qeyd edir ki, İşsizlikdən Sığorta Fondu yaradılanda, işsizlik hallarıyla bağlı, sığorta haqqında qanunu qəbul edəndə Konstitusiyaya zidd bir müddəa daxil edilib: “Yalnız müəssisənin ləğvi, statların ixtisarı nəticəsində iş yerini itirənlər müavinətə iddia edə bilərlər. Bu o demək deyil ki, onlar müavinət alacaqlar, yəni iddiaçı ola bilərlər. Qalan işçilərə isə bu aid edeyil. Tutaq ki, kimsə seksual qısnamaya məruz qalaraq iş yerini tərk edib, yaxud əmək şəraitinin şərtləri dəyişib, kimsə attestasiyadan keçməyib, kimsə işəgötürənin təşəbbüsüylə işdən azad edilib, yaxud, öz xahişiylə işdən gedib. Bu şəxslər iddiaçı ola bilmirlər. Ona görə orda vəziyyət bir qədər yaxşı deyil. Qeyd edim ki, ixtisara düşənlər bizdə barmaqla sayılacaq qədərdir. Bu mənada, hesab edirəm ki, sözügedən qanun qüsurlu və Konstitusiyaya ziddir. Ona görə də məşğulluq xidməti mərkəzlərində belə bir situasiya yaranıb. Eyni zamanda, mülkiyyətində torpaq və pay torpağı olanlar avtomatik olaraq məşğul sayılır. Bu da əlavə çətinlik yaradır. Dairə o qədər daralıb ki... Ona görə də insanlar belə qurumlara müraciət edə bilmirlər. Onu da deyim ki, ötən il büdcədə bu istiqamətə 35 milyon manat nəzərdə tutulmuşdu, amma cəmi 1300 nəfərə işsizlikdən müavinət verildi”...

 Nigar Orucova