Məmurlar sökür Prezident tikir və ya Təcrübəsizlik, yoxsa tamah sindiromu?



 

Heç bir ölkədə, hətta beş, altı min əhalisi olan cırtdan dövlətlərdə belə, nə qədər güclü, təcrübəli olsa da, ölkənin rəhbəri (bu baş nazir, prezident, yaxud kral da ola bilər-Ş.S) dövləti təkbaşına idarə edə bilməz. Ən azı fiziki, vaxt baxımından bu mümkün deyil. Məhz bu səbəbdən hakimiyyətə gələn şəxs ölkəni idarə etmək üçün özünə komanda yaradır və komanda üzvlərindən hərəsin idarəetmə aparatının bir qoluna rəhbər təyin edir. Təbii olaraq bizdə də belədir. Vay o gündən ki, ölkə başçısının inanıb, etibar etdiyi şəxs ona həvalə olunan işi bacarmasın (toplumun güzaranına mənfi təsir edən qərarlar qəbul etmək, dövlətin o sahəyə ayırdığı vəsaiti səmərəsiz xərcləmək, mənimsəmək, korrupsiya, rüşvətxorluq və sairə). Normal cəmiyyətlərdə bu kimi kadrların suçlusu elə həmin adam sayılır. Bizim kimi hələ sivil idarəçiliyin formalaşmadığı ölkələrdə nəinki baş nazir, nazir, komiti sədri, icra başçısı hətta sıradan bir “JEK” müdirinin yol verdiyi xəta birbaşa birinci şəxsin- indiki halda prezidentin adına yazılır. Bunun əsas səbəblərindən biri də budur ki, bizdə idarəçilik elmi əsaslarla işlənmiş proqram və strategiya ilə deyil, qərar, fərman və sərəncam üzərində qurulub. Müharibə şəraitində olan ölkə üçün operativlik baxımından yanaşsaq bunu bəlkə də normal hal kimi qəbul etmək olar. Amma yenə də idarəçilikdə bütün naqislikləri ölkə rəhbərinin adına yazılmaması üçün müvəqqəti proqramlar, qanun qüvvəli aktlar mövcud olmalıdır ki, hər bir vəzifəli şəxsin yol verdiyi nöqsanlar isanlar tərəfindən elə onun öz suçu kimi də qəbul edilsin.

nar bagi ile ilgili görsel sonucu

 

Uzağa getməyək, götürək elə baş nazirin üç gün öncə imzaladığı yanlış, mən deyərdim ki, hətta ziyanlı və təhlükəli qərarını. Bəli, baş nazirimiz yaşlıdır, idarəçilikdə uzun təcrübəsi var. Amma cənab N. Məmmədov hər halda sovetin şinelindən çıxmış Artur Rasızadə deyil axı. Şüurlu həyatını şəhər mühitində keçirmiş və əsasən diplomatiya sahəsin də çalışmış Novruz müəllim bilə bilməz ki, niyə yerin, göyün, insanların aldığı nəfəsin tək sahibi olan keçmiş sovetlər dönəmində insanlara otlaq sahələrindən istifadəyə, yabanı meyvə və giləmeyvələrinin, müalicəvi bitki və otların yığılmasına qadağa qoyulmayıb. Fikirimizdə, belə qalmaqallı, kütləni narazı salan naşı qərarlardan sığortalanmaq üçün təsərrüfatdan, ümumiyyətlə iqtisadiyyatdan anlayışı olmayan baş nazir özünə bu sahənin bilicisi olub, uzun illər rayonlarda təsərrüfata rəhbərlik etmiş qocaman bir mütəxəssis  (bu məsləhətçi də ola bilər, müşavir də, köməkçi də və s.) təyin etməlidir-eynən SOKAR-ın, ümumiyyətlə Azərbaycan neft sənayesinin simvolu hesab olunan Xoşbəxt Yusifzadə kimi. Əlbəttə R.Abdullayevin şişmiş aparatında Xoşbəxt müəllimdən başqa daha 11 vitse-prezidenti var, amma inandırım sizi ki, təkcə yaşı 100-ü haqlayan X. Yusifzadə kifayətdir ki, ölkənin bu strateji sahəsi saat kimi dəqiq işləsin. Kişi Xəzər dənizi də daxil, ölkənin neft hasil olunan hər bir yatağının, ayrılıqda hər bir quyunun nəyə qadir olduğunu əzbər bilir. Əgər vaxtında baş nazir də özünə belə bir təcrübəli müşavir, yaxud da məsləhətçi götürsəydi belə naşı qərarlara müəlliflik edib, Prezidenti məsələyə müdaxilə etmək zorunda qoymazdı. Bu kimi süni problemlər təkcə Baş nazirlə bitmiş olsaydı sevinmək olardı. Məsələ burasındadır ki, ölkə başçısının kadr təyinatında apardığı gəncləşmə siyasətini də fiaskoya uğradan, xəyal qırıqlığı yaradanlar da az deyil. Götürək elə “Qaçqınkom”un köhnə və təzə sədrlərin. Dövlətin vəsaiti, Prezident və Vitse-prezidentin qayğısı ilə qaçqın və məcburi köçkünlərə yeni mənzillərin verilməsi heç bir halda köhnə və yen  sədrlərin gördüyü iş kimi təqdim edilə bilməz. Onların iş əmsalı daha çox dövlət vəsaitinə yanaşmaları ilə ölçülür. Və nə yazıqlar ki, bu ölçüdə onların hər ikisi- həm Əli Həsənov, həm də yeni sədr Rövşən Rzayev tək bir hərəkətləri ilə mənfi zolaqdadır. Biri Komitənin balansında olan xidməti maşını özü ilə götürüb aparır, o biri də onun acığına 180 min dəyərində xidməti maşın alır. Camaat, bu kimi məsələləri araşdırıb tədbir görmək vallah dövlət başçısının nə işi, nə də vəzifəsi deyil, bu, Prezidentin savadlı, innovativi hesab edib irəli çəkdiyi şəxslər vəzifəsidir. Qardaşım, Prezident bu sahəni sənə etibar edib, sən də ətrafına həqiqətən xalqa xidmət etmək istəyən elə şəxsləri yığ ki, dövlətin pulunu elə vicdanlı adamlara etibar et ki, sonda nə onlar səni, nə də sən Prezidenti tənqid obyektinə çevirməsin də! Həta qotur dana, dişi tökülmüş qoyun, qısır inək söhbətlərindən bircəciyi doğrudursa, cavabdeh Prezident yox, sənsən.

Gömrük Komitəsinin tətbiq etdiyi yeni qaydalarla bağlı ayrıca yazı nəzərdə tutduğumuz üçün bu yazıda o qurumdan da bəhs etmirik.

Beləliklə, nə baş verir? Gözlə görünən odur ki, Prezident yorulmadan çalışır ki, Azərbaycan adlı bir ev tiksin. Elə bir ev ki, onun sakinləri bu evdə yaşamaqdan məmnun olsun, qürur duysun. Fəqət bu evi tikmək üçün görəvləndirdiyi, iş icracısı da, mühəndisi də, hətta fəhləsi də kərpici divara qoymaq əvəzinə cibinə qoyur, sementi yarıqat edib villasına daşıyır. Nəticədə ev tikilib qurtarmamış sementi oğurlanmış, kərpici sökülən köhnə binalarda erroziyaya uğramış mişar daşları ilə əvəzlənmiş evin təbii olaraq əvvəlcə divarı çat verir, sonra da uçub tökülür. Beləcə Prezident bütün iş-gücünü atıb bu yarıtmazların  uçurduğu evin bərpası ilə məşğul olur.

 

Şahnaz Salehqızı