Vətəndaş-məmur münasibəti hansı səviyyədədir?



 

Mətbuat-məmur əməkdaşlığı onlardan fərqlənmir

 Azərbaycanda məmur-vətəndaş münasibəti həmişə aktuallığını saxlayır. Ona görə aktuallığını saxlayır ki, məmurlar hansı vəzifəni daşımasından,  aşağı və yuxarı ranqlı olmasından asılı olmayaraq, vətəndaşlarla  məsafəli davranır, onlara vəzifəsinin tələb etdiyi hərtərfli xidməti göstərməkdən imtina edirlər. Bəli, məhz imtina edirlər. İmtina etməsəydilər,  bu gün ölkədə icra orqanlarından, məmurlardan narazı qalan böyük şikayətçi ordusu yaranmazdı.

 Belə şikayətçilər peşə fəaliyyətimizlə bağlı  uzun illər qapımızı döyüb, şifahi formada,  dövlət qurumlarına yazılı ərizələrlə, dövlət başçısına və xanımına açıq məktublarla müraciət ediblər. İş hətta səfirliklərə müraciət, bəzi hallarda isə başqa ölkələrdən  vətəndaşlıq almağa qədər gedib çıxıb. Yuxarıda söylədiyimiz kimi, məmur-vətəndaş münasibəti  bu baxımdan həmişə aktual olub. Həmin şikayətçiləri dinləyərkən, şikayətlərini araşdırarkən,  onların problemlərini əslində, aidiyyəti üzrə əlaqədar qurumların və orqanların həll etməli olduğunu bilirdik. Bu, zatən, əlaqədar qurumların birbaşa vəzifəsi, məsuliyyəti idi ki, məmur özbaşınalığından, məsuliyyətsizliyindən, laqeydliyindən  dolayı, vətəndaş- şikayətçilər onlara deyil,  bizə üz tuturdular. Bölgələr, yaxud da Bakının inzibati rayonları üzrə təyin olunan icra başçıları, sosial təmayüllü təşkilat rəhbərləri vəzifələrinin xalqa xidmət olduğunu  yaxşı bilirdilər. Fəqət cəzasızlıq mühiti onlarda vətəndaşı “qutuda ilan” kimi görmək vərdişi yaratmışdı. Vətəndaş, sadə insan, son nəticədə bütöv əhali qrupu onların nəzərində bir heç, zərrə idi ki, onun nə istədiyi, nədən çətinlik çəkdiyi, yaşaması, oxuması, işləməsi, müalicə alması və yaşamın istənilən formasında üzləşdiyi çətinlikləri həll etməyin məsuliyyətini çəkmək istəmirdilər.  Vəzifəsinin nə olduğunu xatırladanlara, ondan yuxarı orqanlara,  hətta Prezidentə şikayət edəcəyini deyənlərə verilən  cavablar yəqin ki, bütün insanlara tanışdır: “Gedin, kimə istəyirsiniz şikayət edin!”.

İllər keçsə, zaman dəyişsə də, müxtəlif qurumlarda çalışan məmurların əksəriyyəti yenə də əvvəlki “havanı” oxumaqdadır. Onlara vaxtaşırı edilən xəbərdarlıqlar müəyyən halda bəhrəsini verib. Məsələn, məmur övladlarının özəl, təmtəraqlı həyat tərzinin, bahalı evləri və maşınlarının yeri gəldi-gəlmədi  cəmiyyətə göstərilməsinin düzgün olmadığı,  müxtəlif kateqoriyalı insanlarda qıcıq yaratdığı söylənib.  Məmurlar övladlarının belə reklamına görə tənqid edilib qınanıblar, bəzi hallarda işdən də kənarlaşdırılıblar. Bundan başqa, məmur övladları  harınlıqlarına,  sadə vətəndaşlara qarşı göstərdikləri özbaşınalıqlara,  bəzi hallarda hətta onlara yetirdikləri xəsarətə görə də atalarının vəzifədən getməsinə rəvac veriblər. Bir sözlə, yazmadığımız müxtəlif  məsələlərə görə, məmurlar,  onların övladları  vaxtaşırı cəmiyyətin tənqidinə tuş gəliblər. Amma özlərinə gəlməyiblər. Ona görə də məmurların vəzifəsinin nədən ibarət olmasını, onların vəzifəyə var-dövlət üçün deyil, xalqa xidmət etməyə görə təyin edildiyini, onun etimadını və hörmətini qazanmaq olduğunu vaxtaşırı xatırlatmaq  lazım gəlib.

Bu istiqamətdə məmur ordusuna dəfələrlə xəbərdarlıq edən dövlət başçısı yenidən bu xüsusda danışmağı vacib bilib.  Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafıyla bağlı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan  tədbirdə  məmurlara növbəti dəfə xəbərdarlıq edib. Dövlət başçısı yerli icra orqanlarının vətəndaşlara diqqət və qayğı göstərməsinin vacib hesab edildiyini, onların vətəndaşlar üçün çalışdığını, onlara xidmət etdiklərini yaddan çıxarmamalarını söyləyib.  Dövlət başçısı  qeyd edib ki, bütün dövlət məmurları,  Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs əsas vəzifəsinin xalqa xidmət etmək olduğunu bilməlidir.  Həmçinin, yerli icra orqanları diqqətli olaraq problemləri həll etməlidirlər. Hansı problemi özləri həll edə bilməyəndə isə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, problemlər operativ həll edilsin:  “Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdı”.  

Məmurların xalqla indiyəcən  necə işlədiyi, hansı səviyyədə münaibət qurduğu demək olar ki, cəmiyyətə çox tanışdır. Çünki cəmiyyətin hər üzvü bu və digər qurumlarla əlaqəli olub məmur-vətəndaş münasibətindən xəbərdardır.  Bu mənada, cəmiyyətin hali olduğu məsələni  bir kənara qoyub,  keçək öz cameəmizə.

Biz, yəni mətbuat sahəsinin əməkdaşları hansısa xəbərlə, məlumat və ya informasiya, bəzən də araşdırmayla bağlı mütləq dövlət orqanlarına, yüksək və aşağı çinli məmurlara müraciət etməli oluruq.  Müraciətlərimiz də mütləq mənada KİV haqqında qanunun tələbləri, yəni qanunvericilik səviyyəsində olur.  Şübhəsiz, cavab almaq istəyən media işçisi sorğusunu da mövcud qanunvericiliyin tələbləri əsasında verəcək. Amma nə faydası?! Ölkənin dövlət orqanlarında çalışan elə məmurlar, belə demək mümkünsə, çinovniklər var ki,  nəinki suala cavab verir,  sualı sualla qarşılayır, sözü yarıda kəsir, telefonu qapayır,  növbəti dəfə heç telefonu da açmır. Hətta bəzən elə olur ki,  şəxsimizə etimadsızlıq göstərib verdiyi cavabın yazıda söylədiyi kimi getməsinə əmin olmaq üçün hazır materialın çapından və yayımdan öncə təkrar özünə göndərilməsini də tələb edirlər. Bu, icra orqanları əməkdaşlarının mətbuata qarşı münasibətindən bəzi seçmələrdir. Görək, işimizlə əlaqədar daim üz tutduğumuz,  üz tutmağa borclu olduğumuz və məcbur qaldığımız nazirliklər və onların ictimaiyyətlə əlaqələr, mətbuat xidmətləri necə işləyir.

Təcrübəmizdən asılı olmayaraq, indinin özündə də mətbuata açıq olan və ondan kilometrlərlə uzaq qaçan mətbuat xidmətinin rəhbərləri mövcuddur.  Ona görə mövcuddur deyirik ki,  varlıqlarından xəbərdar olsaq da, fəaliyyətlərindən bixəbərik.  Yəni mövcudat olaraq  onlardan xəbərdarıq, amma mətbuatla əlaqə yaratmadıqları üçün nə iş gördükləri bizimçün naməlumdur. Ona görə də, hansısa materialda həmin qurumların mövqeyi olmadan birtərəfli məlumat yayımlansa, bizdən deyil, özlərindən küssünlər.

Keçək, bugünə qədər uzun müddət mətbuat xidməti olaraq fəaliyyət göstərən, amma nədənsə sorgularımıza başdansovdu,  ötəri, yayımlamağa gərək olmayan tərzdə cavab verən qurum sözçülərinə. Sanıram, Təhsil Nazirliyinin, Tarif Şurasının,  Maliyyə Nazirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti rəhbərlərinin sorğularımıza operativ cavab verməməsi,  uzun zaman gözlətmələri, bəzən telefonu açmamaları həmkarlarımızın çoxuna tanışdır. Bəzi ekspertləri,  bir qrup millət vəkilini, həmkarlarımızdan məmur olanları da bu sıraya əlavə etmək istərdik.  

 Amma bununla bahəm, mətbuata açıq olan mətbuat xidməti rəhbərləri də az deyil. Məsələn, səhiyyə, gənclər və idman nazirlikləri,  DİN,  KTN, “Azəriqaz”, “Azərenerji”,  Baytarlıq Xidməti,  millət vəkillərinin bir qrupu,  bir sıra ekspetlər və keşmişdə məmur olanların müəyyən qismi mətbuata açıq olanlardır. Onlar mətbuat nümayəndələrinin istər şifahi, yəni anında, istərsə də yazılı sorğularını daim cavablandırıb. Bunu öz təcrübəmdə dəfələrlə görmüşəm.

Bu məqamda bir məsələni də deməsək olmaz. Mətbuat elə bir sahədir ki, onun bir yerdə dayanıb-durması, gözləmə mövqeyində qalması qətiyyən qəbuledilən və başadüşülən deyil.  Bunu bəzi qurumların mətbuatla işləyən nümayəndələri də gərək anlasın. Misal üçün, gündəlik media resursunda çalışan istənilən jurnalist üçün bir cümlədən ibarət xəbər də informasiya sayılır. Yəni gündəm üçün əsas olan xəbərdir və onun verilməsi də istənilən qurumun mətbuat xidməti rəhbərinin vəzifəsidir. Lakin bəzən xəbərin mənbəyini dəqiqləşdirmək üçün üz tutduğumuz qurumun xidmət rəhbərinin onu bizdən yazılı şəkildə tələb etməsi, eyni zamanda, onu nə vaxtsa cavablandırması hansı məntiqə sığır?!  Bu tələbləri gözləyən,  məmur kaprizinə riayət edən jurnalist üçünsə artıq hansısa xəbər öz mahiyyətindən çıxır və köhnəlmiş sayılır. Bu sırada,  sorğuları birmənalı şəkildə yazılı tələb edən  “Azərbaycan Dəmiryolu” QSC, “İçərişəhər Qoruq İdarəsi”idir ki, bu istiqamətdə dəfələrlə xəbər qaçırmağa imkan vermişik.

Sonda, jurnalist fəaliyyətimizin başında dayanan KİV haqqında qanunun cəmi iki maddəsindən bəhs etmək istərdik.  Qanunun 8-ci maddəsi KİV-in məlumat almaq hüququnu təsbit edir. KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında,  dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdir. Bu hüquq ölkə qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.  Sadaladığımız orqanlar və təşkilatların vəzifəli şəxsləri də öz fəaliyyətləri haqqında məlumatı KİV-in sorğusu əsasında cavablandırmalıdır. Qanuna görə, informasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər.  Tələb olunan informasiyanı da adıçəkilən orqanların rəhbərləri, müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilər.  Məlumatın əldə edilməsi barədə yazılı sorğuya  qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq cavab verilməlidir. KİV nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından və çoxsaylı təşkilatların vəzifəli şəxslərindən qanunvericiliyə uyğun şəkildə şikayət etmək hüququna da malikdir.

Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə isə qanunun 59-cu maddəsində məsuliyyət nəzərdə tutulur. KİV təsisçilərinin, redaksiyalarının, jurnalistlərinin və s. qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr və təşkilatlar, vəzifəli şəxslər tərəfindən hansısa müdaxilə,  o cümlədən, jurnalistə informasiya verilməsi üzərinə, qanunvericiliklə qorunan məlumatlar istisna olmaqla,  məhdudiyyətlər qoymaq və ya informasiya verməkdən imtina etmək,  sorğuya müəyyənləşdirilmiş vaxtda cavab verməmək və digər jurnalist hüquqlarını pozmaq qanunvericiliyə müvafiq surətdə  mülki, inzibati, cinayət və və s. məsuliyyətə səbəb ola bilər. Zənnimizcə, qarşı tərəfin nəzərinə bu qədər yetər.

 Nigar Orucova