Sağlamlığın yaşıl ünvanı



 

Təbiəti mühafizə etmək ekoloji mədəniyyətdən keçir

 Hər bir insanda, ölkə vətəndaşında  təbiəti mühafizə etmək,  təbii resursları qorumaq və  ondan səmərəli şəkildə istifadə etmək vərdişi olmalıdır. Qeyd edilənlərə ekoloji mədəniyyət anlayışını əlavə etmək isə çox vacibdir.  Bunsuz  heç bir ölkə vətəndaşı təbiəti mühafizə siyasətinin iştirakçısı ola bilməz. Doğrudur, ekoloji mühitin, təbiətin  mühafizəsi üçün dövlətin bəlli strukturları və müxtəlif adda qurumları, eləcə də, qeyri-hökumət və ictimai təşkilatlar mövcuddur. Lakin təkcə rəsmi və qeyri-rəsmi fəaliyyətlə iş bitmir. Bundan başqa, müəyyən məqamlarda inzibati resurslarla da problem kökündən həll olunmur.  Ona görə ki, bu məqamın işə salınması problemin mənfi nəticələrindən sonra yaranır.  Öncə isə, ətraf mühiti korlayan, təbiəti məhv edən səbəblər araşdırılmalı və aradan qaldırılmalıdır. Yoxsa, Azərbaycanın təbii resurslarından biri olan, daha çox görünən,  təbiətin və eləcə də insanın “ağciyəri” funksiyasını yerinə yetirən meşələr birdəfəlik məhv olaraq sıradan çıxa bilər.

 Bu gün maarifçilik işinin yetərincə olmaması səbəbindən əksəriyyət meşələrə estetik mənada, ekzotik anlamda yanaşır. Bəzən isə, meşələr yalnız  istirahət məqsədiylə istifadə edilməsi  mənasında qəbul edilir. Əslində isə, meşələrin funksiyası söylənənlərlə  kifayətlənmir.  Bütün dünyada  mebel, ev və digər məişət avadanlıqlarının hazırlanmasında əsas xammal rolunu meşələr yerinə yetirir.  Dünya florasının  inkişafı və qorunmasında  əsas rolu olan da məhz  meşələrdir. Yaşıllıq zonalarının, meşələrin olması ən azından,  torpağın aşınmasının qarşısının alınmasına, havanın təmizlənməsinə xidmət edir. Qiymətli bitki və ağac növlərinin, bir sözlə, fauna və floranın var olması üçün meşələrə minnətdar olmalıyıq. Meşələr hazırda dərman istehsalında, təbabətdə,  nəbatat aləmində özünəməxsus, vacib yer tutur.  Bir sözlə, meşə örtüyü  insanın və bütün canlı aləmin yaşaması üçün lazım olanların hamısını özündə ehtiva edir.

Qeyd edək ki, meşə ehtiyatlarının  qiymətləndirilməsi, həmçinin, ölkənin meşə fondu barədə bilik bazasını gücləndirmək üçün indiyədək çoxsaylı layihələr gerçəkləşdirilib. Onların əksəriyyəti də Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulmasından, onların sosial-iqtisadi səmərəliliyini artırmaqdan ibarət olub.  Ölkənin yaşıl ehtiyatının necə qorunmasına  gəlincə, bu işdə təkcə yerli deyil, xarici təşkilatlar da  qarşılıqlı şəkildə fəaliyyət göstərirlər. Misal üçün, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanda meşə ehtiyatlarının inkişafına öz köməyini təklif edən qurumlardan biridir. Qlobal Ekologiya Fondu isə ölkəmizin meşə ehtiyatlarını monitorinq etməklə, meşə ehtiyatlarının inventarlaşdırılmasını reallaşdırmaq üçün  layihələr gerçəkləşdirir. Belə layihələr imkan verir ki, meşə ehtiyatlarıyla bağlı lazım olan siyasəti formalaşdırmaq mümkün olsun.

Bu layihələrdə diqqətçəkən bir məqam da ölkənin istər  müharibə zonasında, istərsə də qeyri-döyüş zonalarındakı meşə massivlərinin bərpa edilməsi məramıdır. BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası ilə bağlı Paris sazişindən irəli gələn öhdəlikləri Azərbaycanın icra etməsi də effektiv nəticəyə hesablanıb.

Bu məqamda xatırlatma yerinə düşər, Azərbaycanın meşə fondu torpaqları ölkə ərazisinin 12 faizini təşkil edir. Meşələrimizin ümumi sahəsi isə 1 milyon, 21 min hektardır.  Təəssüf ki, meşə fondu torpaqlarmızın 261 min hektarı bu gün işğal altındadır.  Məhz işğal nəticəsində həmin meşə ərazilərin biomüxtəlifliyinə külli miqdarda ziyan dəyib və meşələrin  bitki-ağac və heyvan ehtiyatı təhlükəyə məruz qalıb.

Doğrudur,  ölkənin müxtəlif zonaları üzrə son illər bir neçə yüz min hektar ərazidə meşə bərpa tədbirləri həyata keçirilib, yeni meşəliklər salınıb, ağaclar əkilib.  Bununla belə, ölkəmizdə hələ də meşələrin qanunsuz şəkildə kəsilməsi,  həmin ərazilərdə mal-qara otarılması deqradasiyanın artmasına və məhsuldarlığın azalmasına səbəb olur. Meşələrin dayanıqlı inkişafını təmin etmək üçün isə ekspertlər il ərzində 150 hektar ərazinin bərpasının vacib olduğunu vurğulayırlar. Bu, sözsüz ki, sözügedən istiqamətdə mütəxəssislərin görəcəyi işlərdir. Lakin təbiətin yaşıl örtüyünün mühafizəsinin, onun bitki və heyvan ehtiyatlarının qorunmasının sosial-iqtisadi, ekoloji, elmi əhəmiyyəti  olduğu üçün, hamımız bu işdə iştirakçı olmalıyıq. Necə ki dünyanın hər yerində, istənilən təbii resursların istehsalı təbiəti mühafizəylə bağlı problemlərin həllindən keçir. Bu mənada, meşələrin mühafizəsində maarifləndirmə işinin hansı səviyyədə olması da vacibdir.

Sözügedən istiqamətdə hansı işlərin görüldüyünü bilmək üçünsə  xüsusi zəhmət çəkməyə  ehtiyac yoxdur.  Doğrudur, mətbuatda bu barədə müəyyən materiallar, xəbər və reportajlar yayımlansa da,  ölkə vətəndaşlarına birbaşa çıxış imkanı olan televiziya kanallarında təbiətin mühafizəsiylə bağlı elmi-kütləvi proqram yoxdur. Xəbərlər proqramındakı bir neçə dəqiqəlik süjetlər isə, problemin mövcudluğuna və həllinə deyil, tamaşaçıya ani xəbər, informasiya ötürməyə hesablanıb. Bu məqamda yaşlı və orta nəslin hamısı yəqin ki,  təbiəti tanımaq, sevmək və qorumaqda “Təbiəti sevənlər” verilişinin məşhur aparıcıları - professor Qara Mustafayev və Mirəli Seyidovun  zəhmətini danmazlar...  

Məsələyə münasibət bildirən, Milli Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri Telman Zeynalovun  qənaətincə,  sağlam olmaq və yaşamaq istəyiriksə, ilk növbədə vətəndaşlara meşələri, yaşıllığı qorumaq fikri  aşılanmalıdır. Bu fəaliyyət cəmiyyətə istər televiziya verilişləri, istərsə də müxtəlif layihələr şəklində təqdim edilməlidir. Təqdimatın cəmiyyətdə yaratdığı mənfi-müsbət  yanaşma isə birbaşa nəticəyə təsir edir. Bu mənada, ekoloq keçən əsrin 80-ci illərinin sonunda yayılan, indi də bəzən səsləndirilən bir məsələnin, karbon qazının ətraf mühiti, atmosferi çirkləndirməsi fikrinin kökündən yanlış olduğunu söyləyir: “Karbon qazı heç vaxt atmosferi çirkləndirmir. Karbon qazının miqdarının artmasıyla əlaqədar bütün dünyada, eləcə də təbiətdə yaşıllıqların həcmi artır. Karbon qazı olmasa heç bir canlı aləm, insanın özü yaşaya bilməz. Doğulan körpənin orqanizmində 7,2 faiz karbon qazı, 2,4 faiz isə oksigen olur. Oksigeni də bədəndə dövr etdirən karbon qazıdır. Bütün canlı aləmin yaşaması üçün karbon qazına ehtiyacı var. Elementar bir misal çəkim,  xarab olmaması,  təzə qalması üçün ərzağı, meyvə-tərəvəzi saxladığımız soyuducular da karbon qazıyla işləyir. Meşələrin, yaşıllıq zolaqlarının olması da birbaşa karbon qazıyla bağlıdır. Meşələr müəyyən bir müddətdə, 20-30 ilə qədər əvvəlki halına bərpa olunsa da, onu qırıb-çatmaq olmaz.  Bu müddətdə canlı aləm oksigensiz qalır. Yəni yaşıllıq zonaları, meşələr karbonu udur və oksigen istehsal edir. Karbon olmasa yaşıllıqlar, meşələr məhv olacaq, nəticədə isə oksigen istehsal edilməyəcək. Bu məsələlər elmi-tədqiqat əsərləri,  kitablar şəklində  təqdim edilir. Amma bütövlükdə ekoloji mədəniyyətin yaradılması üçün bir neçə istiqamətdə iş aparmaq lazımdır. Maarifçilik funksiyası elə mütəxəssislərin işinə bərabər tutulmalıdır”. 

 Nigar Orucova