“Arzunu sən öldürmüsən, məni də bıçaqlamısan”



 

Bakı Ağır Cinayətlər Məhkəməsində barda tanış olduğu qadını öldürməkdə təqsirləndirilən 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası keçirilib.

Şahid Viktor Çokonov deyib ki, qətl baş verən gecə bir yerdə yeyib içiblər: “Yulya ilə görüşüb yeyib-içmək istədik. Anası evdə olduğu üçün Yulyanın təklifi ilə Arzugilə getdik. Onlarda yeməyə heç nə yox idi. Arzuya 20 manat verdik, gedib yemək və araq aldı. Yeyib içdik, sonra gecə saat 2-də biz ordan getdik. Sergeyin bundan əvvəl də birgə yaşadığı qadın ölmüşdü, Arzu da öldü. Həmin məclisdə qızlar arasında qucaqlaşma, lezbiyanlıq hərəkətləri olmadı”.

S.Vorobyov şahidin ifadəsinə etiraz edib və qadını onun öldürdüyünü iddia edib: “Şərəfsiz, Arzunu sən öldürmüsən, məni də bıçaqlamısan. Bizim davamız da qızların bir-birini qucaqlamasına görə oldu. Aramızda mübahisə düşdü, sonrasını xatırlamıram. Gözümü açanda gördüm ki, bıçaqlanmışam, Arzu da öldürülüb”.

Prosesdə məhkəmə istintaqı tamamlanıb, dövlət ittihamçısı cəza istəmək üçün vaxt istəyib.

Məhkəmə prosesi noyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, 2017-cı ilin iyun ayında NZS qəsəbəsində Vorobyov Sergey Nikaloyeviçin evində 30-35 yaşlı qadın meyiti tapılıb. S.Vorobyov həmin qadınla bir ay əvvəl şəhərin mərkəzindəki barlardan birində tanış olub. Həmin vaxtdan sonra onlar Sergeyin NZS-dəki evində yaşamağa başlayıblar. Tək yaşayan Sergeylə bir aya yaxın eyni evdə qalan qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın Sergeyə bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı Sergey bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. Özünü “Arzu” kimi təqdim edən qadının isə İlahə Şahbazova olduğu müəyyən edilib.

Murad Əhməd