Ziya Məmmədovun 100 milyonluq layihəsi alınmadı



 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 100 milyon manat vəsait hesabına qurduğu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulacaq.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a verdiyi geniş müsahibədə danışıb.

M.Ağayev bildirib ki, Bakı Nəqliyyat Agentliyi 2015-ci ildən fəaliyyətə başlayıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə BNA-nın yaranmasından 4 il sonra yaradılıb.

BNA sözçüsü əlavə edib ki, 100 milyon manat hesabına ərsəyə gələn NİİM-in təyinatı üzrə əhaliyə xidmət göstərməsi üçün Agentlik tərəfindən hazırda kompleks tədbirlər görülməkdədir.

Qeyd edək ki, ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində İdarəetmə sistemi formalaşdırmaq, nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb. Mərkəz sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə 100 milyon manata yaxın vəsait hesabına ərsəyə gəlmişdi. 2011-ci ilin sonunda açılışı olan Mərkəz fəaliyyətə başladığı gündən etimadı doğrultmayıb.

NİİM yaradıldıqdan sonra xeyli vəsait xərclənərək şəhərdəki bütün dayanacaqlar dəyişdirilib yeniləri ilə əvəzləndi, bütün dayanacaqlar elektron manitorlarla təchiz edildi. Əslində manitorlar marşrutların gediş-gəliş vaxtını, aradakı intervalı, tıxac olan əraziləri, havanın temperaturunu və sair kimi daha önəmli məlumatları operativ olaraq göstərməli idi. Lakin fəaliyyətə başladığı gündən gözləntilər özünü doğrultmadı. Hazırda əksər manitorlar işləmir, bir çoxları sıradan çıxıb, bəziləri isə yağış suyunun təsirindən yararsız hala düşüb.