Tarixi layihə istifadəyə verildi - Yenilənib



 

Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Bolqarıstanın baş naziri Boyko Borisov, BP şirkətinin baş icraçı direktoru Robert Dadli də iştirak edir.

Tədbirə bir çox rəsmi qonaqlar, həmçinin enerji şirkətlərinin rəhbərləri də dəvət olunub.

***

Mərasimdə açılış nitqini Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayraq edib. O, bu layihənin Avropanın enerji sektorunda yeni canlanma yaradacağını bildirib.

“Bu layihə Azərbaycanın tədarükçü ölkə mövqeyini daha da gücləndirəcək, yeni bazarlara çıxışını təmin edəcək.

TANAP başqa ölkələrin iştirakı ilə inkişaf edən bir layihə olacaq. Türkiyə və Azərbaycanın yandırdığı çıraq, müxtəlif mədəniyyətlər arasındakı əlaqəni möhkəmləndirəcəkdir”.

***

Daha sonra prezident İlham Əliyev mərasimdə çıxış edib. O bildirib ki, TANAP Türkiyə-Azərbaycan qardaşlığının zəfəridir:

“Bu gün enerji tarixini birlikdə yazırıq. Bizim layihələr bölgəyə stabillik, inkişaf gətirir, xalqlar da faydasını görür. Bu, ilk layihəmiz deyil. Qardaşım Ərdoğanla 2006 və 2007-ci illərdə də açılışlar etdik. Əminəm ki, növbəti iki il ərzində TAP layihəsini də istifadəyə verəcəyik”.

***

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı da çıxış edərək Xəzər dənizindəki qaynaqların uyğun yollarla Türkiyə və Avropaya daşınmasının iqtisadi inkişafa və təhlükəsizliyə  töhfə verəcəyini söyləyib:

“Bu coğrafiya insanlığa xidmət edən işbirliyi qovşağına çevrilir. Orta Şərq enerji qaynaqları səbəbindən başı bəladan qurtarmayan bölgədir. Bu qaynaqları işbirliyi və sülh ortamına töhfə verməyə çevirmək ağıllı addımdır.

Azərbaycan prezidenti Türkiyə və Azərbaycan qardaşlığından danışdı. Demək istəyirəm ki, bir qardaşınız da var. Türkiyə və Azərbaycanın bir acısı olduğunda biz də bunu üzərimizdə hiss edirik. Sevinciniz olanda isə sizinlə bərabər sevinirik”.

***

Prezidentlərin və nazirlərin iştirakı ilə TANAP layihəsinin açılışı baş tutub.