Rayon sakinləri meşələrin mühafizəsinə cəlb olundu



 

Meşə sahələrində ağacların qanunsuz kəsilməsi və meşə materiallarından kömür hazırlanması hallarının qarşısının alınması, meşələrdə və ona yaxın ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti görüş İsmayıllı rayon İcra Hakimiyyətində təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə nazirliyin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.

Görüşdə meşələrdə qanunsuz qırıntı hallarının qarşısının alınması, meşə massivlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, cavabdeh şəxslərin məsuliyyətinin daha da artırılması məsələsi müzakirə olunub.

Görüşün nəticəsi olaraq rayon ictimaiyyətinin təşəbbüsü ilə meşə ətrafı kəndlərin sakinləri tərəfindən vaxtilə kəsilmiş ağacların bərpası üçün meşələrdə ağacəkmə kampaniyasına başlanılacağına, hər kənd tərəfindən isə  yaxınlıqda olan meşə sahəsinin birmənalı olaraq ictimai mühafizəsinin təşkilinə dair qərar verilib.