“Bəzi oxşar tərəflərimiz var” - Maksim Medvedev



 

“Qazaxıstan yaxşı komandadı. Baxımlı oyun göstərməyi sevir, yaxşı müdafiə olunur və hücumda da çox effektivdi. Hətta bizim bəzi oxşar tərəflərimiz var”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Maksim Medvedev deyib.  

“Qarabağ"ın futbolçusu mayın 5-də millimizin Qazaxıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşündən danışıb.  O, Qazaxıstan millisinin yaxşı kollektiv olduğunu bildirib:

“Qazaxıstan millisi yüksək səviyyədə oynamağa qadirdi. Ancaq aydın məsələdi ki, yoldaşlıq oyunlarında komandalar bütün gücünü göstərmirlər. Dəqiq fikir bildirmək üçün Millətlər Liqasındakı oyunları gözləmək lazımdı. Onu deyə bilərəm ki, komanda müdafiədən hücuma çox yaxşı çıxır, matç ərzində aqressiv oynayır. Amma Qazaxıstanın indi hansı səviyyədə olduğundan xəbərim yoxdu. Oyunda biləcəyik ki, son zamanlar komanda necə dəyişib”.

Cinah müdafiçəsi Azərbaycan və Qazaxıstanın eynigüclü komanda olduğunu bildirib. O, bu oyunda qələbə qazanmağın vacib olduğunu dilə gətirib: “Düşünürəm ki, Qazaxıstan və Azərbaycan eynigüclü komandadı. Komandaları gücünə görə müqayisə edə bilərik, əsas fərq məşqçi fəlsəfəsindədi. Hər komanda bütün oyunlarda qələbə qazanmaq istəyir. Eləcə də biz. Yoldaşlıq və ya rəsmi oyun olmasından asılı olmayaraq, qələbə kollektivdə ruh yüksəkliyi yaradır”.

Medvedev Qazaxıstan millisinin Millətlər Liqasındakı şanslarını dəyərləndirib: “Bizim kimi sizin komandanızın da qabağa getmək şansları var. Hər iki komanda qrupdan çıxa bilər. Əsas məsələ rəqiblərə hörmətlə yanaşmaq və öz oyununu oynamaqdır”.