Nazirlik iməclik keçirdi



 

“5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı-Şamaxı yolunun Pirəkəşkül qəsəbəsi ərazisində iməcilik keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, nazirliyin  əməkdaşlarının, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 50 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib. 

Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaqdır.

Xatırladaq ki, 5 iyun 1972-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi aktuallaşıb və ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar  5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar verib, növbəti ildən həmin gün bütün dünyada qeyd olunmağa başlanıb.