Əsəd rejiminin məhvi bir çox ağlasığmaz cinayətlərin üstünü açmağa başlayır...



 

Əsəd rejiminin məhvi insanlığa qarşı bir çox ağlasığmaz cinayətlərin üstünü açmağa başlayır. Artıq bir çox həbsxanalarda olanlar azad edilib və baş verənlər hər kəsi dəhşətə gətirir.

Məsələn, təkcə Homs hərbi həbsxanasında 3.500 nəfər qətlə yetirilib, ümumiyyətlə isə vətəndaş müharibəsi başlayandan bəri Əsəd rejiminin ölüm həbsxanalarında 30 minədək insanın öldüyü və qətlə yetirildiyi bildirilir.

Onlar işgəncə, aclıq, tibbi yardım göstərilməməsi ilə yanaşı həm də edam qurbanları olublar. Bəzi həbsxanalarda yeraltı mərtəbələr də inşa edilib ki, edamlar da əsasən orada törədilib.

Bunlar hələ Əsəd rejiminin siyasi arenadan rədd edilməsindən cəmi 1 gün sonra açılmış cinayət faktlarıdır. İstisna deyil ki, Əsəd sülaləsinin insanlığa qarşı cinayətlərinin araşdırılması üçün xüsusi beynəlxalq tribunal yaradılacaq.

Hələlik isə dünya mediasında bu cinayətlər haqda artıq onlarla məqalələr dərc olunub. Onlardan biri ilə şərh bölümündə tanış ola bilərsiniz. Əminəm ki, bunlar hələ yalnız başlanğıcdır.Bizi bu məsələlərdə narahat etməli olan iki məqam var:

1. Milliyyətindən, dini mənsubiyyətindən, irqindən və hətta törətdiyi cinayətlərdən asılı olmayaraq işgəncə, qeyri-qanuni qətl insanlığa qarşı cinayətdir və bunu törədənlər ən amansız şəkildə cəzalandırılmalıdır.

2. Belə cinayətkar rejimlərə istənilən motivlərlə bəraət qazandıranlar potensial qatillər kimi ən qəti şəkildə pislənməli, susdurulmalı, ictimai qınaq və ifşa obyekti olmalıdır.

Təəssüf ki, bu halların ikisi də Azərbaycanda mövcuddur: işgəncələrlə günahsız insanları qətlə yetirənlər də, siyasi, məzhəb və s. səbəblərdən qatil rejimlərə qahmar çıxanlar da. Bu da o deməkdir ki, həm real, həm də potensial qatillərlə üz-üzəyik və bunu bir an da unutmamalıyıq.

Ərəstun Oruclu, Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq 

SeherXeber.org