Əgər bunu Mehriban xanım bilsə...
Artıq illərdir bu xalqın təsəvvüründə bir rəy formalaşıb: hər gün, hər yerdə bunu müşahidə edirik – amma heç vədə yazmırıq.
Nədir yazmadıqlarımız?
Əgər efirdə dəyərlərimizə zidd, bayağı, əxlaqdan kənar bir şou və ya hansısa verilişdə milli mentalitetə hayqırı olay yaşanırsa; əgər hansısa ictimai yerdə, mötəbər qurumda kimsə ağzını allah yoluna qoyub, qeyri-etik ifadələr işlədirsə; kimsə ağır dərdə düşübsə, müalicəyə ehtiyacı varsa... dərhal bu ifadə işlədilir: “Əgər Mehriban xanım xəbər tutsa...”
Hə, Mehriban xanım xəbər tutan kimi o bayağı, əxlaqdan kənar veriliş bağlanır, mötəbər yerdə özünə layiq ifadələr işlədən şəxs məhz özünə layiq yerə göndərilir, xəstənin müalicə xərcini dövlət öz üzərinə götürür, şəhid anasını məhkəmədə süründürən bank üzr istəyib, iddiasından geri çəkilir və kompensasiya ödəyir...
Cəmiyyəti inama, güvənə, etibara kökləyən, saymaqla bitməyən, hər gün, hər yerdə eşitdiyimiz, çoxundan hətta xəbər tutmadığımız hadisələrin yuxarısında dayanır Mehriban xanım!
Əgər o xəbər tutsa...
Və O, həmişə xəbər tutur, hər kəsin imdadına yetişir, hamının MEHRİBANI olmağı bacarır...
Vətənim adamlar...
Təsadüfən qulaq müsafiri olmuşdum bu söhbətə. İllər öncəydi. İki qadın söhbət edirdi. Yaxın qohumlarının yeni doğulmuş körpəsi barədə danışırdılar. Biri o birinə deyirdi ki, - yeni doğulan qız uşağıydı – adını Mehriban qoyun! Qoy, adı taleyinə yansısın, xoşbəxt olsun...
Niyə bu qadınlara elə gəlir ki, uşağın adı Mehriban olsa, mütləq xoşbəxt olacaq? Çox adi bir cavabı var bu sualın: artıq bu xalqın təsəvvüründə Mehriban – xanımlıq, nəciblik, xoşbəxtlik, ucalıq rəmzinə çevrilib...
Məncə, bu, əvvəldən, çox-çox əvvəllərdən xalqın arzusuydu. İnsanlarımızın təsəvvüründə, təhtəlşüurunda, xəyallarında Qadının yüksək məqamını görmək vardı... Qadına “Xanım, Sultanım” deyə xitab etmək də bu arzudan yaranmışdı.
O Arzunu təsəvvürlərdən, təhtəlşüurlardan, xəyallardan reallığa, keçmişimizdən bu günümüzə daşımaq lazımıydı. Bu tarixi missiyanı Azərbaycanın Birinci Xanımı üstləndi.
Tanrı bir kəsi irəli çəkmək istəyirsə, öncə qəlbləri ona qarşı sevgiylə, sayğıyla doldurur. Mehriban Əliyeva xalqın olduğu qədər Tanrının da seçimidir. O öz fəaliyyəti ilə göstərdi ki, Prezidentin həyat yoldaşı olmaq Birinci Xanım statusu verir, amma sözün əsl mənasında bu statusun əhatə etdiyi missiyanı daşımaq bütün Prezident xanımlarına nəsib olmur...
İndi insanlar öz gerçəkləşən arzularını, xəyallarını Mehriban Əliyevanın timsalında görürlər. Görürlər və inanırlar. Ki, Mehriban – Xeyirxahlığın, Mərhəmətin, Liderliyin, Aydın Zəkanın, Ədalətin və Nəcibliyin simvoludur. Bu Ad, bu simvol öz varlığı ilə insanlara inam aşılayır. İnandırır ki, xoşbəxt olmaq mümkündür...
Siyasət - əlbəttə ki, mümkün olmayanı mümkün eləmək sənətidir. Amma Mehriban xanımın insanpərvərliyi, insanlara sevgisi siyasət üzərində qurulmayıb. Bu, sadəcə, missiyadır. O, daxildən gələn bir hisslə, cani-könüldən bu xalqın arzularını həyata keçirməklə məşğuldur.
O arzuların ən başında milli-mənəvi dəyərlərin qorunması gəlir...
Muğam bu ölkədə ana laylası kimi, ağıt kimi həmişə müqəddəs sayılıb. Məhz Mehriban Əliyeva ucuz şounun meydan suladığı, heç kəsin heç kəsin kitabını oxumadığı bir məqamda can verməkdə olan muğama yeni nəfəs, can verdi. Onun qədim-qayım nüfuzunu, hörmətini, ağır-batmanlığını qaytardı.
Bu siyahı sadaladıqca uzanır: qeyri maddi-mənəvi abidələrimiz, Qarabağ atları, xalçalar, aşıq sənəti və daha nələr... onun qayğısı, təəssübkeşliyi ilə mədəniyyətimizə sanki yenidən ərməğan olunub.
Bəzən haqlı olaraq sual yaranır: qlobal düşüncəli, çağdaş dünyagörüşlü, yüksək intellektli, Avropanın üstün dəyərlərini əxz etmiş, dəbin müasir tendensiyalarını izləyən, stil ikonası, az qala, hər qadının zahirən bənzəmək istədiyi bir xanım necə olur da azərbaycançılığın təməl fəlsəfəsinə - milliliyə, milləti millət edən dəyərlər sisteminə bunca sədaqət nümayiş etdirir? Bu bağlılıq hardan yaranıb, necə yaranıb? Bakıda, rusdilli elitanın əhatəsində, Avropa mədəniyyəti ilə six təmasların olduğu bir cameədə böyümüş, Moskvada təhsil almış və yaşamış bir xanımda bu hisslər necə qorunub?
Çünki Mehriban xanım bütün genetik kodları ilə bu xalqın milli-mənəvi dəyərlərinə bağlıdır. Onun nəsil şəcərəsi hər iki tərəfdən xalqın yüzillərdir tapındığı ocaqlardan gəlir: Mir Cəlal təkcə bu dəyərlərlə yaşayan adam deyil, bütün canı-qanı ilə həm də bu dəyərləri qoruyan, təbliğ edən böyük bir alim, ziyalı, nasirdir.
Müasir, son dərəcə tolerant, yüksək təhsilli bir xanımın milli dəyərlərə, əxlaqa zidd əməllərə və kampaniyalara təhəmmülsüzlüyünün, kəskin reaksiyasının açarı bu iki böyük ocağın kodlarını qanında daşımasından qaynaqlanır.
Onun portretini də məhz bu özəllik tamamlayır: Genetik kodlarla tapınaqlara, ocaqlara, xalqın inam yerlərinə, yurda, milliliyə bağlı müasir düşüncəli Xanım!
Tamamilə bayrağımızın ehtiva etdiyi məzmun!
Mehriban xanım Əliyevanın 1 il öncə, 21 fevralda Birinci vitse-prezident vəzifəsinə təyinat alarkən dediyi sözlərə diqqət edək:
“Mən əsas diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyirəm. Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət məmuru. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.
Mərhəmət və İnsanlıq!
Bu, Mehriban xanımın ictimai-siyasi fəaliyyətinin mahiyyətidir və kökü bu ölkənin ən qədim mərkəzlərinin dini-ürfani ocaqlarından gəlir.
Mehriban xanımın xalq arasında bu cür sevilməsinin, ona inamın mənbəyi də burdan qaynaqlanır.
Uzun və incə yol...
Mehriban xanım Birinci vitse-prezidentlik postuna qədər:
2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan tarixinin, mədəniyyətinin qorunması, xaricdə təbliği, həmçinin, ölkənin müxtəlif sferalarında mühüm layihələrin reallaşdırılması kimi titanik işləri həyata keçirmişdi.
Onun “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi”, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması kimi layihələri minlərlə uşağa yeni həyat verib.
Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Amnistiya Aktları bu vaxtadək minlərlə ailəyə sevinc bəxş edib.
Heydər Əliyev Fondu tərəfindən ölkədə 500-ə yaxın yeni məktəb binası inşa olunub, uşaq bağçaları tikilib və əsaslı təmir edilib. Mədəniyyət abidələrinin bərpası, qorunması və mədəniyyətimizin təbliği istiqamətində mühüm addımlar atılıb. Azərbaycanın musiqi incilərinin qorunub saxlanılması, dünya musiqi inciləri sırasında yer alması, Azərbaycanı tanıdan beynəlxalq incəsənət festivalları və sərgilərin keçirilməsi, nəhəng sosial və ekoloji layihələr, idman sahəsində görülən böyük işlər ictimaiyyətin bütün təbəqələrinə məlumdur.
Ən əsas məqamlardan biri budur ki, Dağlıq Qarabağ münaqişəsində ədalətin bərpa olunması, beynəlxalq hüququn təmin edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası, həmçinin, Xocalı soyqırımının dünyada təbliği və tanıdılması kimi dövlət əhəmiyyətli məsələlərdə Mehriban Əliyeva Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışıb və mübarizə bu gün də davam etməkdədir.
Mehriban Əliyeva bir çox mühüm tədbirin xaricdə və daxildə təşkilatçılığını uğurla həyata keçirib. Təkcə 3 mühüm tədbirin təşkilatçılığı onun idarəetmə bacarığını əyani şəkildə ortaya qoyur...
Mədəniyyətlərin qoruyucusu…
2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinin Mehriban Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilməsi tarixi nailiyyət idi. Hətta müsabiqənin müəllifləri bundan sonra heç bir ölkənin bu cür möhtəşəm təşkilatçılığa nail ola bilməyəcəyini açıq şəkildə vurğulayırdılar. “Avroviziya” mahnı müsabiqəsində incəsənət amilinin güclü olduğu qədər siyasi çəkisinin də mövcudluğunu xüsusi qeyd etməyə gərək olmasa da, bütün opponentləri Azərbaycanın uğurlu ev sahibliyini ölkə adına yüklü bir dividend olduğunu etiraf etmək zorunda qaldılar…
2015-ci ildə Bakıda keçirilən qitə səviyyəli oyunların Təşkilat Komitəsinin rəhbəri də Mehriban Əliyeva idi. Və Azərbaycan həm açılış, həm oyunların təşkili, yarışlar boyunca həyata keçirilən işlər, həm də bağlanış mərasimləri ilə daha bir tarix yazmağı bacardı.
Təsadüfi deyil ki, dünya liderləri “Bakıdakı möhtəşəmliyi təkrarlamaq çətin olacaq” etirafını etdilər.
2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunları da tarixə yazılan növbəti qələbəmiz oldu.
Mehriban Əliyevanın regionda və dünyada sülhün və humanizmin qorunması, multikulturalizm dəyərlərinə bağlılığı yönündə çoxşaxəli fəaliyyəti böyük nüfuz sahibi olan ayrı-ayrı şəxslər, tanınmış beynəlxalq institutlar, klublar tərəfindən yüksək qiymətləndirilir. Bunlar bəşəriyyətə və insanlığa böyük xeyir gətirən, insanlarda gələcəyə böyük ümid yaradan son dərəcə nəcib işlərdir. Praqmatikliyi və bu keyfiyyətlə uzlaşan intellekti, qlobal düşüncə tərzi, yüksək mədəniyyəti, humanizmə əsaslanan fəaliyyəti onu insanlara daha da doğmalaşdırıb.
Mehriban Əliyevanın təşkil etdiyi beynəlxalq tədbirlər, həyata keçirdiyi qlobal layihələrlə yanaşı, böyük maraq kəsb edən çıxışları da bütün dünyanın diqqət mərkəzindədir. Onun bəşəri əhəmiyyət kəsb edən bu fəaliyyəti “mədəniyyətlərin qoruyucusu” statusuna yüksəlməsi ilə nəticələnib. O, Azərbaycan mədəniyyətinə, tarixinə nə dərəcədə həssas münasibət göstərirsə, bu, dünya mədəniyyətinin nadir inciləri sayılan tarixi abidələrə münasibətdə də eynidir. Heydər Əliyev Fondunun Romada, Vatikanda, Strasburqda, Parisdə, Berlində, Moskvada, Tiflisdə qədim abidələrin, muzeylərin, kitabxanaların, tarixi binaların əsaslı təmir və bərpasını həyata keçirməsi dediklərimizə əyani sübutdur. Təsadüfi deyil ki, Azərbaycanın Birinci vitse-prezidenti bəşəri mədəniyyətin qorunması işinə görə “Qızıl Motsart” medalına layiq görülüb. Mehriban Əliyeva bəşəri fəaliyyətinə görə 10 ildən artıqdır ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir.
Mehriban xanım Əliyevanı Birinci vitse-prezident vəzifəsinə gətirən yoldur bu.
Bu təyinatdan ötən 1 il ərzində onun həyata keçirdiyi işlər isə Prezident İlham Əliyevin seçimində nə qədər haqlı olduğunu bir daha təsdiq etdi.
Birinci vitse-prezident Xanım…
Mehriban Əliyeva yeni postunda, gözlənildiyi kimi, əsas diqqətini sosial problemlərin həllinə, aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına yönəltdi. Özünün dediyi kimi, insanların problemlərinə, ağrılarına biganəlik, laqeydlik ona yad hisslərdir…
- Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan Birinci qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi.
- Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələr Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərlə təmin olundu.
- Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbi istifadəyə verildi.
- Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 105 nömrəli körpələr evi-uşaq bağçası əsaslı şəkildə təmir edilərək yenidən istifadəyə verildi.
- “Qərənfil” körpələr evi-uşaq bağçası əsaslı təmir edildi.
- Sabunçu rayonunun Pirşağı qəsəbəsində 226 saylı körpələr evi-uşaq bağçası istifadəyə verildi.
- Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışı oldu.
- Valideyn himayəsindən məhrum olan, uşaq evlərində böyüyən gənclər üçün Abşeron və Nizami rayonlarında yaşayış binaları inşa edildi.
Qarabağ problemi
Mehriban xanımın erməni analarına müraciəti bütün dünyada əks-səda doğurmuşdu.
2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə keçirdiyi görüşdə müvafiq tapşırıqlar verən və onların bütün təminatını öz üzərinə götürən Mehriban xanım övladlarının zorla işğaldakı Azərbaycan torpaqlarına göndərilməsinin qarşısını almaq üçün erməni analarına çağırış etdi.
Bu, bir Ananın, İnsanın müraciəti idi; Aprel savaşından qalib çıxan ölkənin Birinci xanımının erməni analarına övladlarını qorumaq çağırışı idi.
Övlad itkisinin hər bir ana üçün dəhşətli, faciəvi olduğunu bildirən Mehriban xanım, erməni anaları onların olmayan, müvəqqəti işğalda saxlanılan Qarabağa erməni əsgərlərinin zorla gətirilməsi kimi siyasətə etiraz etməyə, övladlarını rejimin məhv etməsinə imkan verməməyə çağırırdı.
Yada satılmaz…
İnsanlar insanların, nəsillər nəsillərin davamıdır və biz nə qədər dəyişsək, dəyişmək, zəmanəmizə bənzəmək məcburiyyətində olsaq da, beşiyimizin başında oxunan bir layla, Tanrıya edilən bir dua hafizəmizin bir küncündə yaşayır. Bizimlə birgə böyüyür. Keçmiş nə qədər tarixdirsə, o qədər də bu gündür, bir o qədər də gələcəkdir. Dediyim odur ki, nəsillərdən nəsillərə ötürülən informasiyalar, enerjilər həm də bu günümüzə diktə edir, gələcəyimizi müəyyənləşdirir. Enerjilər itmir! Hansı enerjini göndəririksə, Kosmos eynən onu geriyə - üstümüzə qaytarır…
Mehriban Əliyevanı azərbaycançılıq fəlsəfəsinə bunca bağlayan həm də böyük Mir Cəlalın qəhrəmanının diliylə “itə ataram, yada satmaram” hökmüdür. Bu Enerji, bu İnformasiya eynilə o böyük kişinin nəvəsinə - bizim səmimi, qızıl qəlbli, mehriban Mehriban xanıma ona görə ötürüldü ki, bu Missiyanı Şərəflə, Ləyaqətlə, Məhəbbətlə məhz O həyata keçirə, o məşhur xalçanın ilmələrində gizlənən Sirri məhz O çözə bilərdi…
Qarabağın açarı da o İnformasiyadadır. Ki, biz ölərik, amma torpaqlarımızı yada satmarıq!
İrəvanın, Zəngəzurun, Qərb ərazilərimizin açarı da o Enerjidədir. Biz o torpaqların Azərbaycanın bağrından qoparılaraq erməniləşdirilməsi faktı ilə barışmamışıq, barışmarıq! Bu tarixi yanlış mütləq və mütləq çözüləcək, haqq-ədalət öz yerini tapacaq…
Azərbaycan arzularımızdakı Azərbaycan boyda olacaq…
Arzulamaqdan yorulmayaq… Sevməkdən yorulmayaq… İnanmaqdan yorulmayaq…
Yumruq boyda, ovuc içi boyda bir ürəyə bütün bu dünyanı sığdırmaq olar…
Tanrı yanılmadı, Tanrı yanılmaz…
Xalq da yanılmadı, Xalq yanılmaz…