İki güləşçimiz dünya çempionatında bürünc qazandı
İordaniyanın paytaxtı Ammanda keçirilən sərbəst güləş üzrə 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında mübarizəyə start verilib.
SeherXeber.org xəbər verir ki, çempionatın beşinci günündə Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb.
Hüseyn Hüseynov (55 kiloqram) startda türkmənistanlı Azatberdi Aşırquliyevdən güclü olub – 3:1. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə heç bir şans verməyib – 11:1. Hüseyn yarımfinalda Puerto-Riko təmsilçisi Josef Baxmana 2:5 hesabıyla məğlub olub. Bürünc medal uğrunda yarışda Hüseynov ermənistanlı Qaqik Qazaryanı 2:1 hesabıyla üstələyərək dünya çempionatını 3-cü pillədə başa vurub.
Məhəmməd Qantəmirov (110 kiloqram) 1/8 finalda amerikalı Maykl Mokkoya uduzub – 6:16. Belaruslu Yaraslav Koxan təsəlliverici görüşə gəlmədiyi üçün Qantemirov birbaşa üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Gürcüstanlı Qiqiya Lukunidze üzərində inamlı qələbə (7:0) qazanan Muxamad bürünc mükafatı boyundan asıb.