Sülh Fondundan Ermənistana "tulapayı": Paşinyanı qorumaq üçün hansı planlar cızılıb?



 

ABŞ-nin son dövrlər Ermənistana "xüsusi qayğı" ilə yanaşması İrəvanda hökumət tərəfdarları tərəfindən guya iki ölkə arasında strateji əlaqələrin inkişafı kimi dəyərləndirilir. Reallıqda isə heç kimə sirr deyil ki, Vaşinqton erməni dövlətindən Cənubi Qafqazdakı geosiyasi maraqlarını təmin etmək üçün plasdarm kimi istifadə edir. Ermənistana edilən yardımlar və bu günlərdə reallaşdırılan birgə hərbi təlimlər də bu məqsədə xidmət edir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Ermənistanın siyasi rəhbərliyi amerikalı hərbçilərlə birlikdə keçirilən "Eagle partner 2024" təlimlərini hərbi sahədə analoqu olmayan uğur kimi xalqa sırımağa çalışır. İrəvanın bəzi təbliğatçıları nə qədər gülünc olsa da iddia edirlər ki, bu təlimlər Ermənistan ordusunu gücləndirəcək və bu, guya Azərbaycanı cilovlayacaq.

Medalyonun başqa üzünün olduğu üzə çıxır

Qeyd edək ki, sözügedən təlimlərə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının hərbçiləri və Kanzas milli qvardiyası cəlb edilib. Təlimlərlə bağlı ilk xəbərlərdən sonra Qərbin təbliğat maşınları işə salınıb. İddia edilir ki, təlimlər ağır vəziyyətdə olan erməni ordusunu dirçəltmək, ordunu Azərbaycanın istənilən hücumuna qarşı hazırlamaq məqsədi daşıyır. Amma diqqətlə izlədikdə görünür ki, təlimlərdə erməni ordusunun bölmələrinə dəyənək və qalxanla şərti düşməni sıxışdırmaq öyrədilir. Təlimlərin odlu silahdan istifadə edilən hissələri isə daha çox antiterror əməliyyatları təəssüratı yaradır. Bu da medalyonun başqa üzünün olduğunu üzə çıxarır.

Dəyənək və qalxanlı təlim müxalifətə qarşı yönəlib

Məntiqlə yanaşsaq, Ermənistan ordusunun dəyənək və qalxanla döyüşməsi mümkünsüzdür. Çünki cəbhə xəttində adətən dəyənək və qalxan lazım olmur. Belə çıxır ki, təlimlər daha çox Paşinyanın erməni xalqının narazılığını yatırmasına yönəlib. Məqsədlərdən biri də ordu qüvvələrini kütləvi aksiyaların yatırılmasına hazırlamaqdır. Bu məntiqlə yanaşsaq, təlimlərdə niyə dəyənək və qalxanlardan istifadə edildiyi aydınlaşır. Diqqətlə izlədikdə də görürük ki, Qərb əslində Paşinyana əsas təhlükənin daxildən gəldiyini anlayır. Təsadüfi deyil ki, son illər ərzində Qərb institutları tərəfindən Ermənistanda daxili təhlükəsizlik üçün yarım milyard dollara yaxın vəsait xərclənib.

QHT-lərə və mediaya inanılmaz maddi dəstək

Avropa İttifaqı da hər il Ermənistana bu məqsədlərlə qrant şəklində 65 milyon avro ayırır. Müharibədən sonra ayrılan bu tipli vəsaitlərin həcmi 250 milyon avrodan çoxdur. Ermənistanın anti-Rusiya siyasətini davam etdirəcəyi təqdirdə əlavə olaraq daha 275 milyon dollar ayrılacağına da söz verilib. ABŞ tərəfindən vətəndaş cəmiyyətinin, medianın maliyyələşdirilməsinə təkcə bu il 30 milyon dollar xərclənib. Ümumilikdə, Aİ və ABŞ birlikdə müharibədən sonra Ermənistanda vətəndaş cəmiyyətinin yaradılması, saxlanılması, maliyyələşdirilməsi və polisin təlimi üçün 400 milyon dollardan çox vəsait yönəldiblər.

ABŞ və Aİ birlikdə Ermənistanda Polis Patrul Xidmətinin yaradılması üçün də külli miqdarda pul xərcləyiblər və proses hazırda da davam edir. Söhbət ən azı 30 milyon dollardan gedir. ABŞ və Aİ tərəfindən Polis Patrul Xidmətinə maddi-texniki dəstək də verilir. Məsələn, 2023-cü ildə Aİ Polis Patrul Xidmətinə yolsuzluq avtomobilləri də daxil olmaqla 75 "Škoda" avtomobili bağışlayıb. Sözügedən polis bölməsinin yaradılmasında şəxsən Aİ təmsilçisi Daniel İoannisyan iştirak edib.

Sülh Fondunun "tulapayı"

Bu nəhəng vəsaitlərin fonunda bu yaxınlarda Aİ Ermənistana Sülh Fondundan 10 milyon avro ayırmağa qərar verdi. Məqsəd Ermənistana silah və sursat almaqda yardımçı olmaqdır. Fonddan ayrılacaq 10 milyon avro ilə bir batalyon üçün modul tipli səhra düşərgəsi yaradılması nəzərdə tutulur.

Bütün bunları ümumiləşdirsək, əminliklə belə bir qənaətə gəlmək olar ki, hazırda Qərb üçün prioritet Ermənistan cəmiyyətini, mediasını və vətəndaş cəmiyyətini nəzarətdə saxlamaqdır. Bu mümkün olmayanda isə cəmiyyəti təzyiq altında saxlamaq lazım gələcək. Bu işdə isə polis qüvvələri, erməni-amerikan hərbi təlimlərində dəyənək və qalxanlardan istifadə edən hərbçilər yardımçı olacaqlar. Görünür, payız aylarında İrəvanda və regionlarda erməni keşişlə müxalifətin keçirməyi planlaşdırdığı etiraz aksiyaları Qərbi ciddi narahat edir.