Qorxulu virusa görə Azərbaycandan göndərilən qalmaqallı hücumçu geri döndü - AÇIQLAMA



 

Hepatit B virusu aşkarlandığına görə cari ilin yanvar ayında “Kəpəz”dən qalmaqalla göndərilən Abdullahi Şuaybu yenidən Azərbaycana qayıdıb.

Nigeriyalı hücumçu hazırda “Qəbələ“nin düşərgəsindədir.

Bu barədə Sportinfo.az-a klubun idman direktoru Səbuhi Səfiyarlı məlumat verib. Onun bildirdiyinə görə, afrikalı legioner hələ bir neçə gün düşərgədə qalacaq:

“Şuaybu artıq bir dəfə qan analizi verib. Cavab yaxşı çıxıb. Hər ehtimala qarşı, onu ikinci dəfə də tibbi müayinəyə göndərəcəyik. Tam rahatlıq olması üçün belə məsləhət bildik. Bu analizin də cavabı yaxşı çıxsa, Şuaybu ilə müqavilə imzalayacağıq“.

Şuaybu “Kəpəz”dən göndərildikdən sonra heç bir peşəkar klubda çıxış etməyib. O, ötən 6 ayda ölkəsində həvəskar səviyyədə futbol oynayıb.

2022-ci ilin yayında “Şerif”dən "Kəpəz"ə gəlmiş forvardın qərb təmsilçisində çıxdığı 45 matçda 13 qol, 5 asistlə yadda qalıb.

Nigeriyalının buradan getməsi meneceri Dmitri Selyukla bağlıdır.

Agent ötən ilin payızında verdiyi açıqlamada bildirib ki, Çuaybunun sağlamlıq testindən keçərkən analizləri dəyişdirilib və “sağlam” olaraq qeyd edilib. Bununla bağlı hətta Baş Prokurorluq AFFA-ya müraciət ünvanlayıb.

Bəs Selyuk niyə birdən-birə belə «hücuma keçib»? İş ondadır ki, nigeriyalı forvardla arasında münasibətlər aylar öncə pozulub.

Onlar artıq bir-birlərini danışdırmır. Menecerin afrikalının əleyhinə hərəkətə keçməsinin arxasındakı səbəb də budur.

Adıçəkilən agent Şuaybunun «Şerif»ə transferinə vasitəçilik edib. Amma o, Moldova klubunda çox qalmayıb, 2022-ci ilin yayında Azərbaycana gəlib.

Hücumçunun «Şerif»dən ayrılması menecerinin ona yanaşması ilə əlaqədardır. Belə ki, futbolçu Tiraspolda olduğu müddətdə ondan istədiyi diqqəti görməyib, bəzən ac qalıb.

Tanımadığı ölkədə özünü yad hiss edib, Selyukdan kömək umub, fəqət tərpəniş olmayıb.

O, Azərbaycana gələndən bir müddət sonra meneceriylə bağlantıları kəsib. Vaxtilə «Mançester Siti»li Yaya Turenin agenti olmuş Selyukla əməkdaşlığı dayandıran Şuaybu onun telefon zənglərinə və mesajlarına cavab verməyib.

Bu da agenti hiddətləndirib və Azərbaycandakı tanışları vasitəsilə son xəbəri mediaya ötürüb.