Bu gün ll Şuşa Qlobal Media Forumunun açılış mərasimi olacaq.
SeherXeber.org xəbər verir ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı nəzərdə tutulur.
Dövlət başçısının “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçiriləcək forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq.
Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində 4 panel sessiya - “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.