Prezidentin sabiq köməkçisi deputat olmaq istəyir



 

Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov deputat olmaq istəyir.

SeherXeber.org Modern.az-a istinadla xəbər verir ki, o, 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Azər Əmiraslanov 19 iyul 1971-ci ildə Bakı şəhərində anadan anadan olub. Əslən Borçalı mahalındandır. 

O, 2005-ci ildə 98 saylı Şəmkir şəhər seçki dairəsindən Üçüncü Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, parlamentin İqtisadi siyasət daimi komissiyasının sədr müavini olub. 2008-ci ildə Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat səlahiyyətlərinə xitam verilib.

Sabiq deputat 2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsində çalışıb. Azər Əmiraslanov Baş nazirin 2019-cu il 4 dekabr tarixli sərəncamı ilə Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sözügedən dairədən Gülgün Kərimovun namizədliyini irəli sürüb. 

Qeyd edək ki, Azər Əmiraslanovun namizədliyinin irəli sürülməsi barədə məlumatı daha əvvəl "Unikal.az" yayıb.