Ölkə iqtisadiyyatını dostlarına peşkəş edən Paşinyan: Beynəlxalq Valyuta Fondu baş nazirə qarşı



 

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə yeni oliqarx təbəqəsi yaratmaq həvəsi və fəaliyyəti beynəlxalq qurumların diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bir müddət əvvəl "Freedom House" təşkilatı bir neçə məsələ ilə bağlı erməni hökumətini sərt tənqid etmişdi. Bu dəfə isə Beynəlxalq Valyuta Fondu (BVF) Paşinyan hökumətinə mənfi qiymət verib.

"Zəngəzur Mis-Molibden Kombinatı", "VivaCell MTS" və "Lidian Ermənistan" kimi iri müəssisələrdə dövlət payının artırılması, özəl sektora qarşı "səlib yürüşü" BVF-nin diqqətindən yayınmayıb. Fond son illərdə müxtəlif sxemlərlə payları hökumətə verilən iri şirkətlərdə dövlət payını azaltmağa çağırıb.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Fondun Paşinyan hökumətinə etinasızlığı

Əslində bu, BVF və Paşinyan hökuməti arasında ilk narazılıq deyil. Bu hal bir neçə dəfə təkrarlanıb. Ən mühüm hadisə isə 2021-ci ilin avqustunda qeydə alınıb. Sözügedən tarixdə BVF-nin qəbul etdiyi qərarla, pandemiyanın nəticələrini aradan qaldırmaq üçün Ermənistana ayrılan vəsait digər MDB ölkələrinə nisbətən xeyli az olub.

İqtisadi siyasət fırıldağı

İqtisadi siyasətin liberal və proteksionist modellərinin olduğunu nəzərə alsaq, Paşinyan hökumətinin iri müəssisələrdə dövlət payını artırması nəzəri cəhətdən proteksionizmə uyğun olduğu mənzərəsi yaradır. Əslində isə bu, hakimiyyətdə olan bəzi subyektlərin iqtisadi ambisiyalarının təmin edilməsindən başqa bir şey deyil. Proteksionist modeldə səhmləri idarə etməklə, səmərəliliyi artırmaq nəzərdə tutulur. Paşinyanın uydurduğu model isə bəzi məmurların cibini doldurmaq, yeni oliqarxiya yaratmaqdan başqa bir işə yaramır.

Hakimiyyətin liberal fərziyyələri

Əslində proteksionist iqtisadi siyasət hazırda böhran vəziyyətində olan Ermənistan iqtisadiyyatı üçün məntiqli olardı. Amma problem ondadır ki, gecə-gündüz bu barədə danışan Paşinyan hökuməti liberal iqtisadiyyat modelini dəstəklədiyini bəyan edir. Reallıqda isə liberal iqtisadi siyasətə tamamilə zidd addımlar atırlar. Dünya iqtisadiyyatında liberal xətti dəstəkləyən BVF-nin İrəvana münasibətdə sərgilədiyi mövqe də, təbii ki, Paşinyanın real və ritorik siyasətinə uyğunlaşdırılır.

Müxtəlif sahibkarlıq subyektlərində dövlətin payının artımı ilə bağlı oxşar təcrübə Rusiya, Çin və Böyük Britaniyada müşahidə edilir. Daha çox enerji sektorunda müşahidə olunan bu siyasətdə dövlət bu və ya digər sferanı təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən sahələr hesab edərək nəzarəti öz əlinə alır. Ermənistanda isə hələ də iqtisadi inkişaf modeli, iqtisadi siyasət yoxdur, iqtisadiyyatın idarə edilməsi situativ amillərlə həyata keçirilir. Bu gün hər hansı iri müəssisə və ya təsərrüfat subyektini idarə etmək hakimiyyətdə olan müəyyən qrupların mənafeyinə uyğundursa, o zaman bu, həyata keçirilir və müvafiq qərar verilir. Əgər beynəlxalq kreditlər almaq üçün liberallaşmadan danışmaq sərfəlidirsə, onda bu istiqamətdə gedirlər.

Çıxılmaz vəziyyət

Yuxarıda sadalananlar bu gün Ermənistan iqtisadiyyatı və dövləti üçün çox ciddi problemə çevrilib. Dünyada iqtisadi siyasətin iki modeli qəbul olunsa da, Ermənistanda onların heç biri işləmir. Buna səbəb dövlət strukturlarının müəyyən şəxslərin maraqlarına uyğun fəaliyyət göstərməsidir. Ona görə də BVF kimi nüfuzlu qurum sərt mövqeyini gizlətmir. Bu səbəbdəndir ki, fond Paşinyan hökumətinə ya çox cüzi məbləğdə kredit ayırır, ya da ümumiyyətlə ayırmır. Paşinyan komandası isə səhvlərindən nəticə çıxarmaq, beynəlxalq normalara uyğun fəaliyyət göstərmək fikrində deyil.

Narek Babayan misalı

Hələ bu da azmış kimi, bu yaxınlarda baş nazirin Sünik (Zəngəzur) səfərindən sonra "Zəngəzur Mis-Molibden Kombinatı"nın nümayəndəsi Narek Babayanın başı üzərində qara buludlar toplaşmağa başlayıb. Hakim partiyanın üzvü olan Babayanın dostunun "Annar" adlı şirkəti torpaq işlərini və daşınmasını həyata keçirir. Hakim partiyanın üzvü isə dostunun şirkətinə işlərin verilməsinə, bəzi şirkətlərin isə fəaliyyətinin sıfıra düşməsinə səbəb olub. Ehtimal olunur ki, müqavilələrdən məhrum olan şirkət sahibləri Paşinyana arzuolunmaz məlumatları çatdıraraq Babayanın ayağının altını qaza biliblər. Çünki bu şirkətlər qazanclarından Anna Akopyanın fonduna və Paşinyana yaxın şəxslərə müəyyən pay ayırırlar. Artıq siyasi kulislərdə gəzən söhbətlərə görə, Narek işindən uzaqlaşdırılacaq, onun yerinə daha etibarlı şəxs gətiriləcək.

Göründüyü kimi, ölkə iqtisadiyyatını dostlarına peşkəş edən Paşinyan Ermənistanı günü-gündən uçuruma aparır.