Nazirin arzusu - dos. İlham Əhmədov 



 

Elm və təhsil sahəsindəki problemləri hər bir azərbaycan vətəndaşı çox yaxşı bilir. Ən azından hər ay hər uşağa görə 500 manat repetitor pulu ödəyəndə bunu təkrar-təkrar hiss edir.
Mətbuat, sosial şəbəkələr də bu problemlərin müzakirəsinə geniş meydan verib, illərdir ki, bu mövzuda qızğın müzakirələr gedir, hələ də davam edir müzakirələr. Biz də bu problemlərdən çox yazmış, çox danışmışıq. Amma nazirliyin bu istiqamətdə fəaliyyəti hələ də arzu edilən səviyyədə deyil. Heç onların təhsillə bağlı arzusunun nə olduğu da ictimaiyyətə tam aydın deyil.
Nəhayət ki, elm və təhsil naziri bu arzunu dilə gətirdi.
Elə bildim elm və təhsil naziri deyəcək ki, arzum elm və təhsilimizi dünya elm-təhsil məkanına səmərəli inteqrasiya etmək, təhsilimizdə olan köklü problemləri həll etmək, məktəblərimizdə təhsilin keyfiyyətini Finlyandiya məktəbləri səviyyəsinə çatdırmaq, repetitorluğu ləğv etmək, şagirdlərə pulsuz məktəbli forması və məktəbdə yemək vermək, hər məktəbə avtobus almaqdir.
Elə bildim elm və təhsil naziri deyəcək ki, arzum müəllimlərin sosial-müdafiəsini yüksəltmək, onların maddi çətinliklərinin həllinə nail olmaq, onları repetitorluq kimi ağır bir fiziki və psixoloji yükü çəkməkdən xilas etmək, bütün enerjisini öz sinifindəki şagirdlərə sərf etməsinə imkan yaratmaqdır.
Elə bildim elm və təhsil naziri deyəcək ki, arzum bu il açılacaq "Qarabağ Universiteti"nin və "Azərbaycan-Türkiyə universiteti"nin tezliklə Dünyanın və Türkdilli ölkələrin ən qabaqcıl universitetləri səviyyəsinə yüksəltmək, beləliklə də öz adımı milli təhsil tarixində şərəflə yaşatmaqdır.
Bunlar təbii ki, mənim və eləcə də hər bir azərbaycan müəlliminin arzusudur. Təəssüf ki, bunlar elm və təhsil nazirinin arzusu deyil.
Əgər elm və təhsili böhran vəziyyətdə olan ölkənin təhsil nazirinin arzusu - "MD bütün məktəblərdə olması"dırsa, deməli bizim elm-təhsil sistemi gələcəkdə indikindən də pis duruma düşəcək. Çünki, elm-təhsil sisteminin yüksək səviyyədə inkişaf etdirilməsi hədəfi, missiyası, arzusu heç gündəmdə belə yoxdur.
"MD bütün məktəblərdə olsun" arzusuna çatmaq çox asan məsələlədir. Bunun üçün MD-nun sayını çoxaldıb 3-4 min nəfərə çatması kifayətdir. Bunu 2-3 ay ərzində etmək olar, əgər maliyyə imkanı varsa. Maliyyə imkanı isə var. Amma maliyyə təhsil problemlərinin həllinə yox, təhsilə aidiyyatı olmayan məsələlərə yönəlir çox vaxt.
"Məktəblinin dostu" layihəsi barədə müəllimlərin böyük əksəriyyəti çox pis fikirdədir, bu barədə də mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələr olub. Amma nazirlik bu təhsilə "yamaq" təşəbbüsü zorla tətbiq edib və hələ də yaşadır. İndi də arzusunu etiraf etdi: hər məktəbdə MD olsun.
Biz elə bilirdik ki, nazir məktəbin, müəllimin, şagirdin dostudur. Amma o deyəsən "Məktəblinin dostu"nun dostu imiş.
Azərbaycan təhsili! Nazirin bu arzusu "söylə ürəyincəmi?

SeherXeber.org