Deputat: "Cənubi Qafqazda sülhü ancaq region ölkələri həll etməlidir"



 

Bu gün Brüsseldə keçirilən ABŞ - Avropa İttifaqı - Ermənistan üçtərəfli görüşü sülh danışıqlarına xələl gətirəcək, regionda gərginliyi gücləndirəcək və Ermənistanın aqressivliyini artıracaq. 

Bunu Ölkə.Az-a açıqlamasında deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, bu görüş təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə, İrana və Rusiyaya qarşıdır. "Əgər bu gün Ermənistan öz suverenliyini və müstəqilliyini tamamilə Vaşinqtona və Brüsselə satarsa, o zaman Cənubi Qafqazda kollektiv Qərbin hərbi və siyasi müdaxilə cəhdləri üçün əlverişli imkanlar yaranacaq", - o qeyd edib.

Deputat daha sonra qeyd edib: "Ermənistandan başqa hamıya məlumdur ki, ABŞ və Avropa İttifaqı Ermənistanı yalnız öz maraqlarının təminat mənbəyi, təxribatçı planlarının realizə aləti kimi istifadə edir, regionumuzu geosiyasi qarşıdurma və mübarizə meydanına çevirməyə çalışır. Bu da, təbii ki, Azərbaycanın haqlı narahatlığına və hiddətinə səbəb olur.
Əslində, Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərini ABŞ yox, Fransa yox, Avropa İttifaqı yox, regionun ölkələri, yəni Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran həll etməlidir. Azərbaycanın və Türkiyənin mövqeyi bəllidir. Ermənistan siyasi subyektliyini, lətifəyə çevrilmiş suverenliyini artıq itirib. Amma Rusiyanın, Gürcüstanın və İranın susqun mövqeləri isə birmənalı olaraq təəccüb və təəssüf hissi doğurur, sanki bu ölkələr burada yox, haradasa uzaqdadır.

Ermənistanın sülh müqaviləsinin imzalanmasını uzatması isə onu göstərir ki, kollektiv Qərb timsalında olan qüvvələr buna mane olurlar, Ermənistana hərbi və siyasi havadarlıq vəd edirlər və, şübhəsiz ki, gələcəkdə onu bölgədə yeni münaqişəyə sövq edəcəklər. Amma qeyd etmək yerinə düşər ki, bu ssenaridə Ermənistanın əvəzinə nə ABŞ, nə Fransa, nə də Avropa İttifaqı döyüşməyəcək və onların verdiyi silahlar çətin ki, Ermənistana kömək etsin. Əksinə, bu proses onun siyasi intiharı və dövlətçiliyinin tam məhv edilməsi ilə nəticələnəcək.

Ermənistan bu gün də dərk etmir ki, regionda təhlükəsizlik, sabitlik, iqtisadi inkişaf təminatının yeganə və tək yolu Azərbaycanla münasibətlərin normallaşması və sülh müqaviləsinin bağlanmasından keçir. Bugünkü üçtərtəfli görüşü təşkil edənlər isə son üç ildə regionumuzda baş vermiş hadisələri xatırladıb bilməlidir ki, Azərbaycan nəyin bahasına olursa olsun, Ermənistanın hərbi baxımdan dirçəlməsinə və regionda yeni münaqişə ocağının yaranmasına heç vaxt imkan verməyəcək".

Mürtəza
Ölkə.Az