Oruc sirri - Arif İslamzadə 
(qəsidə)



 

ORUC SİRRİ
(qəsidə)
Deyil aclıq, demə aclıq çəkib ölməkdir oruc,
Ac olan kimsələri bilməyi bilməkdir oruc.
Görmüşük biz də bu aləmdə təəssüf neçə ac,
Hal gedib, xəstə düşüb, dərdinə də yoxdur əlac.
Axı bir ömrü boyu bəllidir acdır beləsi,
Ona kim söylər axı daim orucdur beləsi?!
Oruc olduqda adam acları anlar, ancaq,
Demək olmaz ki, orucdur ac olanlar ancaq.
Demək aclıq deyil ancaq orucun mənası,
Başqadır hər gün orucluq dəminin sevdası.
Öncə Allaha şükürdür, nə gözəl ehsandır,
Ramazanda bəşəri müjdələyən Qur'andır.
Necə rəhmət yağışı başladı bir ayda görün,
Quran ilk yol yerə endi, oxuyun, fayda görün.
Hissə-hissə olaraq həzrəti-Qur'an nazil,
Bərəkət göydən enib Qur'ana dönmüş neçə il.
Ancaq ilk müjdəsi gəlmiş və yetişmiş cahana,
Necə çatsın bu hədiyyə ona qafil baxana?
Kim ki, baxmış həmişə aləmə bir iştahla,
Çətin olsun orucu dərk eləsin izahla.
O ki, güdmüş həmişə iştah ilə mədəsini,
Necə saxlar axı ac mədəsinin vədəsini?!
Ona iftar gərək, ancaq o da ifrat olsun,
Orucun iftarı ağzında gərək dad olsun.
Neçə aclar nəyinə lazım axı dünyada var,
Toxun acdan xəbəri yox dedi,- müdrik atalar.
Elə ki, iftarı çatdı, bəzəsin süfrələri,
Aşı, bozbaşı, kələm dolmaları, küftələri-
Tez ötürsün qarına, bir ay içində şişsin,
Az qalır ki, qazana düşsün özüyçün bişsin.
Orucun dəmlərini bircə keçirsin yuxuda,
Onda dursun çatıb iftar, yayılıb xoş qoxu da.
Axı hardan biləcək ki, necə nemətdir oruc,
Onu idrak eləsən gizli ibadətdir oruc.
Yeri var, göstərəsən başqa ibadətləri sən,
Alasan xəlq tərəfindən neçə qiymətləri sən,
Çox bilinməz nə riyakar, nə münafiqsən sən,
Necə aşiq, necə layiq, necə sadiqsən sən.
Orucun fərqi odur, çox da nümayiş olmaz,
Kim nümayiş eləmək istəsə bir iş olmaz.
Axı əslində düzü bir elə xəlvətdir oruc,
Neçə gözlərdən uzaq gizli ibadətdir oruc.
Tutasan üzdə, gedib xəlvəti lum-lum edəsən,
Mədənin istədiyin sən rahathülqum edəsən,
Atasan qarnına meylin nə çəkirsə tək-tək,
Orucu pozduğunu kim görəcək, kim biləcək?
Sən bilirsən onu Allah görür ancaq aşkar,
Onu xəlvətdə pozursansa böyük təqsiri var.
Saxlayıb nəfsini, xəlvətdə də saxlarsan onu,
Gizli yerdə neçə fürsətdə də saxlarsan onu.
Demək əslində elə Allahı görməkdir oruc,
Sənə Şahid olanı hiss edə bilməkdir oruc.
Sən görürsənsə yaxından bu qədər Allahı,
Nə böyükdür orucun gizli olan islahı.
Nə böyük sidq ilə ixlas yaşayırsan bu zaman,
Necə təqva, necə iman daşıyırsan bu zaman.
Görələr-görməyələr yox elə bir ehtiyac,
Ya susuz qalmağa dözməkdir işin, yaxud ac.
Çəkməyirsən üzünə heç də bu dəmlərdə riya,
Buna nail olur övliyya, ya da ənbiyya.
Nə məqam bəxş olunur gör Ramazan vaxtı sənə,
Axı hər il verir Allah bu gözəl baxtı sənə.
Bu ki, Kövsər dəmidir, fürsəti var gör nə qədər,
Bir təbəssüm ilə baxsın üzünə peyğəmbər.
Gəlmişik başqa əsrdə nə olar dünyaya,
Nə edək, baxmamışıq biz o gözəl simaya.
Sevənin könlü qalıbsa nə qədər həsrətdə,
Onu görmək qazanır hər belə bir fürsətdə.
O gözəl sevgiliyə onda qovuşmaqdır oruc,
Ona qoşmaqdır oruc, hiss ilə coşmaqdır oruc.
Hələ bir ayda elə möcüzəli bir gecə var,
Min ayın xeyri belə bir gecədən əskik olar.
Az qalır bir əsr olsun bu günün xeyri belə,
Necə bir hikmət olurmuş o günün seyri belə.
Hətta bir gün də deyil, bəlkə də yalnız gecədir,
Bir əsrlik gecənin qiyməti Allah, necədir?
Gizlidir İsmi-Əzəm Əsmai-Hüsnada elə,
Gizlənibdir bu gecə eyni təmənnada elə.
Buyurubdur bizə bir vaxtı rəsuli-əkrəm,
Yaşayın bir gecəni siz Ramazanda hər dəm.
Yox əgər kimsə dilərsə tapa öz ömründə,
Məsləhətdir Ramazanda gəzə son on gündə.
Bu mübarək gecədə ilk dəfə enmiş Qur'an,
Bəs niyə bəlli deyil bu gecəsiylə Ramazan?
Bəllidir hicri miladiyə qiyas ilə gəzər,
Almış ilk ayəni ancaq o gecə peyğəmbər.
Leylətül-Qədri bilibdir deməli əslində,
Gizlədib ilk gələn ayə onu öz sirrində.
“Oxu” gəlmiş bəşərə, kim oxumazsa bilməz,
Oxuyan yanlış oxursa, onu baxsa görməz.
Oxudur çünki kitab da, bu təbiət də oxu,
Külli-aləm oxudur, məna da, surət də oxu.
Bir kitabdır oxuyan kimsə üçün insan özü,
Heç nə bilməz oxumazsa özünü hər an özü.
Olacaq bilgisi çox, dərki isə az yenə də,
Oxunu dərk eləmirsə adam olmaz yenə də
Elə bilmə oxumaqla o da kamil olacaq,
İstəyir alim ola, amma ki, cahil olacaq.
Leylətül-Qədr ola ömrü qədirin bilməyəcək,
Qədiri bilməyən heç öz qədərin bilməyəcək.
Gözü ancaq qalacaq başqa qədərdə heyhat,
Keçəcək çox gözəl ömrü çox hədər də heyhat!
Çünki Qədri bilənin bir elə əhyası olur,
Yaşanan dünya içində iki dünyası olur.
Bir əsrlik səvabı əldə edir bir gecədə,
Gizlənib gizli Qədr tək belə bir sirr gecədə.
On ilin olsa oruc, var min ilin ehsanı,
Necə heyran eləməz bəs bu gecə insanı?
Hələ ondan bir az sən orucu çox tutasan,
Günününü təqva ilə, nəfsini də tox tutasan,
Neçə əsrin səvabından qazanarsan ki, belə,
Bəlkə dünya da dağılmır bu səbəbdən də elə.
Anlayarsanmı nə müjdə, nə qənimətdir oruc?
Bəşərin qurtuluşu gizli ibadətdir oruc.
O zaman bir gün azalsa bizə dəhşət gələcək,
Orucun feyzi tükəndikcə qiyamət gələcək.
Bizə nə məhşər əyandır, nə qiyamət görünür,
Nə bəyandır elə onda bir əlamət görünür.
Nə üçün gizli olur gün belə bir tək gecədə?
Niyə təqvim belə aciz bu mübarək gecədə?
Deyirəm bəlkə bilinsə, nə münafiqlər olar,
Nə riya əhli olan zahiri sadiqlər olar.
Orucun bir gecəsi ömrü boyu fərzi olar,
Sonra ancaq sinəyə döymək həyat tərzi olar.
Qazanar bir gecədə əsrə bərabər səvabı,
Hələ şahid gətirər surəsi ilə kitabı.
Alim Allah bilir ancaq bu elə bir dindir,
Bir üzü zahir isə, bir üzü də batindir.
Leylətül-Qədr arasında görəsən əhya nədir?
Axı əhyadakı hikmət, bu dərin məna nədir?
Demək əhyanı gəzirsənsə, dirilməkdir oruc,
Ölüsən sən, dirilə bilməyi bilməkdir oruc.
Gəzmə üç-beş gecədə, on gecə var, məlumdur,
Ondan əvvəlki iyirmi gecə naməlumdur.
Fəqət hər bir gecəsiylə də fəzilətdir oruc,
Onu idrak eləmir kimsə nə nemətdir oruc.
Əgər idrak eləsə dərk eləyər qədri belə,
Yaşadır dünyamızı bir gecənin xətri belə.
Nəsib olmaz sənə orda nə qədər hikmət var,
Zikr var, şükr var, ixlas ilə ibadət var.
Onda əhya olunub biz ki, həyatı tapdıq,
Enəli yer üzünə hər nə görürsən yapdıq.
Elə dünya nə deməkdir? Yəni ki, alçaq yer,
Yəni endin yerə, gəldin yerə bir məna ver.
Gündə yüz yol bu həyat kəlməsini söyləyirik,
Diri getmişsə əgər, ölməsini söyləyirik.
Gündə yüz yol deyirik ki, dəyişib dünyası,
Bilmirik amma nədir əhya, həyat mənası.
Dirilikdir, dirilik, amma necə bir dirilik?
Dirilikdən nəyi anlar, nəyi yanlış bilirik?
Yaşamaqdır dirilik zənn eləyirsənsə əgər,
Diridir çox ölülər, ya ölüdür çox dirilər.

Atif Islamzadə