Oğul anasının başını kəsməkdə şübhəli bilinir - YENİLƏNİB



 

Kürdəmirdə baş verən dəhşətli cinayət hadisəsinin təfərrüatı məlum olub. 

Bununla bağlı Redaktor.az-a danışan Şıxımlı kənd bələdiyyə sədri Əmrah Calalov deyib ki, hadisəni törədən şəxs narkotik istifadəçisi olub:

“Anasının puluyla evdə yeyirdi, içirdi, yaşayırdı. Anasından satdığı yağın pulunu istəyib, anası isə verməyib. Buna görə də anasının başını kəsib. Daha sonra həyətə çıxaraq qonşunu bıçaqlayaraq öldürüb, səbəbsiz şəkildə. Hadisə yerindən uzaqlaşaraq “köhnə bazar” deyilən yerə gedib. Orada da daha bir şəxsi bıçaqlayıb, həmin şəxs hazırda xəstəxanadadır. Mən də hadisə yerindəyəm”.

***
Fevralın 9-da saat 11 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 3 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir Rayon Prokurorluğundan Ölkə.az-a verilən məlumata görə, araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Əliyeva və həmkəndlisi F.Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***
Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

***
Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib, oğul anasının başın kəsərək qətlə yetirib.

Hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini İlham İsa oğlu Əliyev əvvəlcə anası Nəsibə Soltanəli qızı Əliyevanın başını kəsib, sonra isə qonşusu Famil Oqtay oğlu Şükürovu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. ©Report