Noyabrda qlobal ərzaq bazarında qiymətlər necə dəyişib?



 

2023-cü ilin noyabr ayında dünya ərzaq qiymətləri 2022-ci ilin noyabr ayı ilə müqayisədə 10,7 faiz azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO) hesablamalarına əsasən yenidən işlənmiş oktyabr səviyyəsi ilə müqayisədə isə noyabrda ərzaq qiymətləri indeksi dəyişməyərək 120,4 bal təşkil edib.

Taxılın qiymət indeksi oktyabr ayı səviyyəsindən 3 faiz, ötən ilin rekord dəyərindən isə 19,4 faiz aşağı olub.

Musavat.com xəbər verir ki, yem taxıllarının dünya qiymətləri ay ərzində ən əhəmiyyətli dərəcədə - 5,6 faiz azalıb ki, bu da ilk növbədə qarğıdalının dünya qiymətlərinin kəskin azalması ilə əlaqədar olub.

Bitki yağının qiymət indeksi üç aylıq davamlı enişdən sonra oktyabr ayı ilə müqayisədə 3,4 faiz artıb. Bu, xurma və günəbaxan yağlarının dünya qiymətlərinin artması ilə bağlıdır ki, bu da soya və kolza yağlarının ucuzlaşmasını daha çox kompensasiya edib.

Noyabrda süd məhsullarının qiymət indeksi oktyabr ayı ilə müqayisədə 2,2 faiz artıb. Artım ikinci aydır ki, davam edir. Lakin illik ifadədə qiymətlər 16,9 faiz azalıb. FAO bildirir ki, noyabr ayında kərə yağı və yağsız südün qlobal kotirovkalarında artım qeydə alınıb ki, bu da Şimal-Şərqi Asiya ölkələrindən yüksək idxal tələbi, məhdud tədarük və Qərbi Avropada qış tətili ərəfəsində daxili tələbatın artması ilə əlaqədardır. Ötən ay ətin qiymət indeksi oktyabr ayı ilə müqayisədə 0,4 faiz, keçən ilin noyabr ayı ilə müqayisədə isə 2,4 faiz aşağı olub. Bu rəqəmlər quş əti, donuz əti və mal ətinin qiymətlərində cüzi enişi əks etdirir.

Noyabrda şəkərin qiymət indeksi oktyabr ayı ilə müqayisədə 1,4 faiz, illik ifadədə isə 41,1 faiz artıb. Noyabr ayında qeydə alınan şəkər qiymətlərindəki artım, daha çox əsas ixracatçılar olan Tailand və Hindistanda məhsul perspektivlərinin pisləşməsi fonunda bu mövsüm qlobal ixrac təklifinin azalması ilə bağlı artan narahatlıqlarla əlaqədardır.

Qeyd edək ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi beş əsas ərzaq əmtəə qrupu üzrə beynəlxalq qiymətlərin dinamikasını izləyən orta çəkili göstəricidir.