Dünya ölkələrinin borcu 307 trilyon dolları ötüb



 

Bu ilin üçüncü rübündə qlobal borcun həcmi 307,4 trilyon dollar olaraq hesablanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitoru” hesabatını dərc edib.

Qlobal borcun ölkələrin ümumi daxili məhsula (ÜDM) nisbəti 333% səviyyəsində qalıb. Ötən ilin eyni dövründə qlobal borcun məbləği 289 trilyon dollar olaraq qeydə alınıb.

Qlobal iqtisadi artım tempinin zəif qalması və inflyasiya təzyiqlərinin azalmağa davam etməsi fonunda borc nisbətinin yüksəliş trendinin davam edəcəyi proqnozlaşdırılır. İlin sonuna qədər qlobal borcun 310 trilyon dollara çatacağı gözlənilir. Fiskal büdcə kəsirləri bir çox inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarda pandemiyadan əvvəlki səviyyədən xeyli yüksək qalıb.

Bu dövrdə qlobal borc məbləğinin artmasına ABŞ, Yaponiya, Fransa və Böyük Britaniya kimi inkişaf etmiş iqtisadiyyatların, o cümlədən Çin, Hindistan, Braziliya və Meksika kimi inkişaf etməkdə olan ölkələrin borcunun kəskin yüksəlməsi təsir edib.

İnkişaf etmiş iqtisadiyyatların ümumi borcu 206 trilyon dollara yüksəldiyi halda, inkişaf etməkdə olan ölkələrin borcu 101,3 trilyon dollara çatıb. İnkişaf etməkdə olan iqtisadiyyatlarda ümumi borcun ÜDM-ə nisbəti 255% olaraq qeydə alınıb.