Dağıstanda yəhudilərlə bağlı gərginlik: nazirlər, xüsusi təyinatlılar əraziyə gəldi - VİDEO



 

Dağıstanda bir qrup insan yəhudilərin respublika ərazisindən çıxarılması tələbi ilə Mahaçqala hava limanında izdiham yaradıb.

"SeherXeber.org" Rusiya mediasına istinadən xəbər verir ki, onlar Təl-Əvivdən gələn təyyarənin buraxılmamasını tələb edir və aeroportun içində İsraildən gələn yəhudiləri axtarırlar.

Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır, hava limanına girişi bağlayıblar.

Onlar "Allahu əkbər" qışqıraraq əllərində Fələstin bayrağı tutublar.

Polis toplaşanlara müdaxilə etmir. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib.

Bundan əvvəl izdiham İsraildən gələn şəxsi mühasirəyə alaraq pasportunu götürüb. O, yəhudi olduğunu etiraf edib və hava limanı ərazisindən çəkilməyib. Həmin şəxsdən sənədlərdən əlavə, telefon nömrəsini də tələb ediblər.

Dağıstanın milli siyasət naziri Enrik Müslümov və gənclərlə iş üzrə naziri Kamil Saidov izdihamın yaşandığı Mahaçqala hava limanına gəliblər.

Bununla yanaşı, Rusiya Qvardiyasının əsgərləri və polis xüsusi təyinatlıları hava limanına daxil olub. Buna səbəb yüzlərlə etirazçının hava limanının binasına daxil olaraq uçuş-enmə zolağına çıxmasıdır.

Dağıstanın paytaxtı Mahaçqalada hava limanı izdiham səbəbindən bağlanıb.