İsrail-Fələstin münaqişəsinə daha bir bucaqdan baxış



 

Son günlər dünyanın müxtəlif şəhərlərində keçirilən Fələstinə dəstək aksiyaları yüz minlərlə insanı küçələrə çxardı. Onların ən kütləviləri təkcə müsəlman ölkələrinin deyil, ilk növbədə və həm də Qərbin Nyu York, London, Paris kimi şəhərlərində baş tutdu.

Həmin ölkələrin bəzilərində (məsələn, Fransada) Fələstinə dəstək aksiyalarına qadağa qoyulmasına baxmayaraq on minlərlə insan Qəzada bombardmanlara məruz qalan nəinki ərzaqdan, hətta adicə sudan da məhrum edilmiş fələstinlilərə dəstək olmağa çalışdı.

Belə aksiyaların kütləviliyi çoxsaylı suallar doğurmaya bilməz və burda əsas suallar da onların təkcə ictimai-siyasi səbəbləri lə bağlı deyil. Məsələn, ən kütləvi Fələstinə dəstək aksiyaları keçirilən ölkələrdən biri də ABŞ və onun ən böyük şəhəri Nyu York oldu.

Bu həm də o mənada maraqlıdır ki, ABŞ yəhudilərin ən çox yaşadığı ölkə, Nyu York isə mübahisəsiz olaraq dünyada ən böyük yəhudi icması olan şəhərdir. ABŞ-da yaşayan yəhudilərin sayı ilə bağlı mübahisəli rəqəmlər olsa da, Nyu Yorkla bağlı belə mübahisələr yoxdur.

Belə ki, Nyu York dünyanın ən böyük yəhudi icması yaşayan şəhəridir. Bu şəhərdə 1,6 milyon yəhudi yaşayır ki, bu da Tel Əvivdə və Qüdsdə (Yerusəlimdə) yaşayan yəhudilərin cəmi sayından çoxdur. Bundan başqa Nyu Yorkla bağlı bir maraqlı fakt da mövcuddur ki,...

həmin fakt daha bir mifi - yəhudilərin az qala hamısının zəngin yaşaması uydurmasını darmadağın edir: rəsmi statistikaya əsasən Nyu Yorkun yəhudi əsilli əhalisinin təxminən 45% yoxsulluq və ya ona yaxın həddə yaşayır. Bəs digər mif hansıdır?

İkinci mif, daha doğrusu uydurma isə guya dünyada yaşayan yəhudilərin az qala hamısının İsraili birmənalı dəstəkləməsidir. Sonuncu foto da bu yalanı ifşa edən faktlardan biri haqdadır: Nyu Yörkun Grand Central-ında (mərkəzi vağzal) yəhudilərin keçirdiyi atəşkəsə çağırış aksiyası.

Ümumiyyətlə, fələstinlilərin yaratdığı və eləcə də bir sıra yəhudi təşkilatlarının fəal dəstəklədiyi anti-İsrail BDS (Boycott, Divestment and Sanctions) hərəkatının da ən fəal olduğu ölkələrdən biri ABŞ-dır. ABŞ həm də ən çox antisemit aktları törədilən ölkələrdəndir.

Buraya akademik dərəcəli yəhudilərin cəmləşdiyi aparıcı ABŞ universitetlərində mövcud olan (həm də xeyli yəhudinin fəal dəstəklədiyi) Fələstinə dəstək təşkilatlarının olduğunu əlavə etdikdə mənzərə bir qədər də aydınlaşmağa başlayır.

Bütün bunlar Yaxın Şərqdəki konfliktin heç də ərəb-yəhudi deyil, İsrail-Fələstin və ya İsrail-ərəb (ölkələri) münaqişəsi olmasına dəlalət edir. O zaman sual olunur ki, münaqişənin etnik zəmində olması görüntüsünü yaratmaq kimin və ya kimlərin marağındadır?

1. Ona etnik və dini xarakter verərək dünyadakı yəhudilərin dəstəyini qazanmağa çalışan İsrail hökumətinin;
2. Bununla dünyadakı antisemit cərəyanların dəstəyini qazanmağa çalışan Fələstin liderlərinin;

3. Dünyanın bütün problemlərinin "səbəbkarını" (əlbəttə ki, yəhudiləri) "tapıb göstərmək" üçün istənilən münasib imkanı əldən verməyən müxtəlif antisemit cərəyanların. Onlar isə mövcuddur, hər zaman mövcud olublar və olacaqlar da, çünki nəsə baş verirsə mütləq onun "səbəbkarı" tapılmalıdır.

4. Nəhayət, Yaxın Şərqdəki münaqişələrin, ilk növbədə də İsrail-Fələstin münaqişəsinin qalmasında və ondan öz regional, geosiyasi maraqları üçün istifadə etməkdə maraqlı olan və bunu on illərdir edən dünya güclərinin.

Halbuki, elə burada göstərilən faktlar da məsələlərin, ən başlıcası da İsrail-Fələstin münaqişəsinin kökündə sırf siyasi, regional və geosiyasi amillərin dayandığını göstərir. Bunu elə hal-hazırda alovlanmaqda olan qarşıdurmaya münasibətlərdən də görmək olar.

Netanyahu hökuməti ilə yanaşı bir sıra ərəb və müsəlman ölkələrində olan hakim zümrələrə (məsələn, Fələstin, Misir, Suriya, İran və s.) münaqişə öz siyasi mövqelərini möhkəmləndirmək üçün ələ düşmüş əlverişli şansdır. "Xarici düşmən varsa daxildə birləşmək lazımdır" psevdotezisi.

Region dövlətlərinə münaqişə öz təsir dairəsini genişləndirmək və ondan siyasi, iqtisadi çıxarlarını təmin etmək imkanları yaradır. Qlobal güclər isə istənilən münaqişəyə geosiyasi vəzifələrin yerinə yetirilməsi üçün alət kimi yanaşır, ondan bu məqsədlə istifadə edir.

İstənilən münaqişə də ona yuxarıda sadalanan maraqlar itəndə və ya onlar zərərsizləşdiriləndə bitir. Birinci hal demək olar ki, heç zaman baş vermir və 70 ildən artıqdır davam edən (və ya etdirilən) İsrail-Fələstin münaqişəsi buna əyani sübutdur.

İkinci hal isə yalnız ehtimal kimi görünsə də, amma istisna deyil. Bunun baş tutması üçün də ilk növbədə münaqişəni yaradan səbəblər düzgün ünvanda axtarılmalı, mahiyyətinə uyğun adlandırılmalı və ardınca da düzgün yollarla aradan qaldırılmalıdır.
Təbii ki, bütün bunları həyata keçirmək üçün siyasi iradə varsa.

"SeherXeber.org"