Xırdalanda işıq dirəkləri quraşdırıldı, elektrikə qoşmaq yaddan çıxdı - VİDEO



 

Abşeron rayonunun Xırdalan şəhərinin Hacı Zeynəlabdin Tağıyev küçəsində uzun illərdən sonra quraşdırılan işıq dirəkləri elektrik enerjisiz qalıb.

Bu barədə İqtisadiyyat.az-a sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, uzun illərdən sonra küçə boyu işıq dirəkləri quraşdırılsa da, nəticə etibarı ilə ərazi hələ də gecə düşən kimi qaranlığa qərq olur.

Sakinlər deyir ki, buna səbəb isə dirəklərə elektrik enerjisinin verilməməsidir.

Axşam saatlarında küçənin işıqlandırılmamasından narazı olan yerli əhali bildirir ki, bu səbəbdən yolda mütəmadi olaraq qəza hadisələri baş verir:

"Gecələr yolun qaranlıq olması hər kəs üçün ciddi təhlükə yaradır. Yolun kifayət qədər işlək vəziyyətdə olması isə bu təhlükəni daha da artırır. Dirəklərə elektrik enerjisinin verilməməsinin səbəbləri isə məlum deyil".

Sakinlər deyir ki, küçənin işıqlandırılması ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların üzləşdiyi problem hələ də aradan qaldırılmayıb.

Buna görə də onlar küçənin öz şəxsi vəsaitləri hesabına işıqlandırılmasına qərar veriblər. Belə ki, küçədə fərdi yaşayış evlərinin darvazalarının qarşısında lampa yerləşdirən sakinlər bununla da axşam saatlarında öz evlərinin qarşısını işıqlandırmağa nail olurlar. Nəticədə küçənin də bəzi hissələri işıqlandırılır. Amma onlar buna hər kəsin maddi imkanının çatmadığını bildiriblər.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən İqtisadiyyat.az-a bildirilib ki, sözügedən küçədə quraşdırılmış işıq dirəklərindəki lampaların işlək olmamasının səbəbi araşdırılacaq.

Qeyd edilib ki, araşdırmadan sonra problemin həlli üçün müvafiq addımlar atılacaq.