Alimlərdən yeni kəşf: neçə il yaşayacağınız bu analizlə müəyyən ediləcək - VİDEO



 

Beynəlxalq alimlər qrupu insanın nə qədər yaşayacağını müəyyən etmək üçün yeni biomarkerlər kəşf edib.

Publika.az xəbər verir ki, yapon və isveçli tədqiqatçılar yüz yaşdan yuxarı şəxslərin qan testlərini tədqiq ediblər. Təcrübənin nəticələri "GeroScience" jurnalında dərc olunub.

Mütəxəssislər 64-99 yaşlı 44 min insanın məlumatlarını təhlil ediblər, sonra elm adamları 35 il ərzində onların vəziyyətini izləyib. Tədqiqata qatılan 1224 isveçli 100 il yaşayıb, onların 85%-i qadın olub. Alimlər maddələr mübadiləsi, qaraciyər və böyrək funksiyası, iltihab, həmçinin qidalanma və anemiya ilə bağlı 12 qan biomarkerinə diqqət yetiriblər.

Nəşrin yazdığına görə, yüz yaşına qədər yaşayan insanların 60 yaşı tamam olanda qlükoza, kreatinin və sidik turşusu səviyyəsi aşağı olub. Lakin ümumi xolesterin və dəmir səviyyəsi aşağı olan isveçlilər nadir hallarda 100 yaşa qədər yaşaya bilib. Bundan əlavə, bütün qrupda ən aşağı ümumi xolesterin və dəmir səviyyəsinə malik olan beş nəfərin bu göstəriciləri normal hədlər daxilində olanlardan fərqli olaraq, yüz il yaşamaq şansı demək olar ki, olmayıb.