Eli Kohen XİN rəhbərlərinin fövqəladə iclasına qatılmayacaq



 

İsrailin xarici işlər naziri Eli Kohen Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Cozep Borrellin bu axşam Brüsseldə keçiriləcək Aİ-nin xarici işlər nazirlərinin görüşünə qatılmaq dəvətini rədd edib.
 
Bu barədə İsrail Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
"Biz ölülərimizi dəfn edərkən və cinayətkar terrorizmlə mübarizə apararkən, dünya İsraili açıq şəkildə dəstəklədiyi bir vaxtda, balans və nəzəri müzakirələrə yer yoxdur, yalnız Fələstin terrorizminə qarşı həlledici və barışmaz müharibə var", - Koenin ofisindəki mənbə bildirib.
O, İsrailin diplomatik təşəbbüslərə deyil, müharibə yolu ilə mübarizəyə yönəldiyini vurğulayıb.
XİN-dəki mənbə əlavə edib ki, Kohen Avropanın xarici işlər nazirləri ilə telefon əlaqəsi saxlamağa davam edəcək.
Bildirilib ki, o, bu axşam Nepal və Tailandın xarici işlər nazirləri ilə də telefon əlaqəsi saxlayacaq.
Qeyd edilib ki, hər iki ölkənin HƏMAS tərəfindən öldürülən və qaçırılan xeyli sayda vətəndaşı var.
Xatırladaq ki, bu gün axşam Aİ XİN rəhbərlərinin Yaxın Şərqdəki son vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək.(APA)