Rüşvətə görə həbs edilən rəislə bağlı YENİ XƏBƏR



 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xaçmaz rayon şöbəsinin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Rahim Ağayevin məhkəməsinin vaxtı bilinib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçiriləcək proses oktyabrın 16-na təyin olunub.

Xatırladaq ki, bu ilin iyul ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ağayev Rahim Əlifağa oğlunun qanunsuz əməlləri ifşa olunub.

Əməliyyat-istintaq tədbirləri ilə Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Rahim Ağayevin xidməti otağında axtarış aparılmaqla iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Rahim Ağayevə Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.