Ukrayna Aİ-yə qoşulsa, ilk 7 ildə 186 milyard avro yardım ala bilər – “Financial Times”



 

Ukrayna Avropa Birliyinə daxil olduqdan sonra ilk 7 il ərzində Aİ büdcəsindən təxminən 186 milyard avro tələb edə biləcək. 

SeherXeber.org “AzPolitika.info”ya istinadla xəbər verir ki, bu barədə «Financial Times» Aİ-də daxili müzakirələrlə tanış olan insanlara istinadən məlumat yayıb.

Rəqəmlərin daha doqquz ölkənin Aİ-yə mümkün qoşulması ilə bağlı üzv dövlətlər arasında aparılan danışıqlar zamanı səsləndiyi iddia edilir.

Aİ rəsmiləri 2021-2027-ci illər büdcəsinə tətbiq edilən mövcud qaydalara əsasən ümumi büdcənin bölüşdürülməsinin necə görünə biləcəyini hesablayıblar. Hesablama zamanı Ukrayna, Moldova, Gürcüstan və Qərbi Balkan ölkələri də nəzərə alınıb.

Hesablamalara görə, belə bir genişlənmə baş verəcəyi təqdirdə onlar üçün 256,8 milyard avro vəsaitin ayrılması lazım gələcək. Bu, artıq Avropa İttifaqına üzv olan ölkələrə xərclərin əhəmiyyətli dərəcədə azalması demək olacaq. Xüsusilə, kənd təsərrüfatına subsidiyalar, ehtimal ki, təxminən 20% azaldılmalı olacaq.

Ekspertlər belə qənaətə gəliblər ki, növbəti genişlənməyə qədər mövcud büdcə mexanizmlərində ciddi dəyişiklik edildikdən sonra belə, daha doqquz ölkənin üzv olmasından sonra Avropa İttifaqında maliyyə balansı əhəmiyyətli dərəcədə dəyişəcək.

Doqquz yeni üzvlə hazırkı büdcə 21% artımla 1,47 trilyon tələb edəcək. Bu, 36 ölkənin ümumi milli gəlirinin təxminən 1,4%-nə bərabərdir. Yeni balans zəngin Qərbi Avropa ölkələrindən töhfələrin əhəmiyyətli dərəcədə artması demək olacaq.

Mövcud fiskal qaydalar AB-nin 36 ölkəsinə tətbiq edilsəydi, Ukrayna yeddi il ərzində kənd təsərrüfatı fondlarına təxminən 96,5 milyard avro tələb edə bilər ki, bu da digər ölkələr üçün subsidiyaların yuxarıda qeyd olunan azalması demək olardı.

Rüfət