Orxan Cabbarov: “Bakı şəhərində yandırılan tullantılar Gəncə böyüklükdə şəhəri elektrik enerjisi ilə təmin edir”
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı ilə “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Təbiətdə zibil yox, tullantı – xammal var” monitorinq-maatifləndirmə layihəsi çərçivəsində “Təmiz Şəhər” ASC-nn ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarovla bu sahədə olan problemlər və onların həlli yollarını müzakirə etmişik.
– Müşahidələrimiz göstərir ki, Bakıda bərk məişət tullantılarının idarə edilməsində (BMTİE) ən böyük problem şəhər sakinlərinin tullantıların çeşidlənməsinə diqqətlə yanaşmamasıdır. Siz də bu problemi sezirsinizmi?
– Bakı şəhərinin 8 rayonunda Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən tətbiq olunan pilot layihə çərçivəsində bərk məişət tullantıları çeşidlənərək toplanır. Bu rayonların ərazisindəki tullantı meydançalarında yaşıl və narıncı qutular yerləşdirilib və iki növdə ilkin çeşidləmə həyata keçrilir. İlkin mərhələdə çeşidlənən tullantılar “Təmiz Şəhər” ASC-nin nəznində fəaliyyət göstərən Balaxanı Bərk Məişət Tullantılarının Çeşidləməsi Zavoduna təhvil verilir. Burada isə tullantılar kağız, şüşə, plastik, metal və.s olmaqla çeşidlənərək təkrar emal üçün sahibkarlara istiqamətləndirilir.
“Təmiz Şəhər” ASC 2009-cu ildə ölkə başçısının müvafiq sərəncamı ilə təsis olunduqdan sonra tullantıları düzgün idarə etmək məqsədi ilə təsərrüfat sahələrinin yaradılmasına başlanıldı. İlk olaraq otən əsrin 60-cı illərindən fəaliyyətə başlayan Balaxanı tullantı poliqonu sanitar poliqona çevrildi.
2012-ci ildə Cənab Prezident İlham Əliyevin iştirakı ilə Balaxanı bərk məişət tullantılarının çeşidləmə zavodunun açılışı oldu. Bu zavodun illik çeşidləmə gücü 100 min tondur. Zavod yarımavtomatlaşdırılmış formada alman texnologiyası əsasında fəaliyyət göstərir. Burada çeşidlənən tullantılar əvvəlki dövrlərdə olduğu kimi poliqonlarda basdırılmır, təbiətə atılmır və yenidən istfadə olunaraq təkrar emal üçün xammala çevrilir.
Çox yaxşı olar ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 8 rayonda tətbiq olunan pilot layihə çərçivəsində yerləşdirilmiş tullantı konteynerlərində ilkin çeşidləmə qaydalarına sakinlər ciddi əməl etsinlər. Əhalinin çeşidləmə qutularının tələblərinə əməl etməsi bizim üçün çox vacibdir. Çünki əhali narıncı qutuların tələblərinə nə qədər diqqətlə yanaşsa, daha çox tullantı təkrar emala cəlb olunar.
Məsələn, əhalinin bir qismi tullantıları evlərində çeşidləyərək gətirib narıncı qutuya atırsa, bir qismi isə bu qaydalara əməl etmirsə və qarışıq tullantıları narıncı qutuya atırsa, təkrar emala yararlı olan tullantıların keyfiyyəti aşağı düşür və təkrar emal prosesinə cəlb etmək mümkün olmur.
Ona görə də əhalinin tullantı qutularının üzərində yazılan təlimata əməl etməsi bu gün çox vacibdir. Bu işdə həm QHT-lərn dəstəyinə, həm ictimai qınağa, həm də daha çox maarifləndirməyə ehtiyac var.
– Sizcə, bu problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir və bu istiqamətdə hansı işlər aparılır?
– “Təmiz Şəhər” ASC olaraq biz Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi işini həyata keçiririk. Bu fəaliyyətin daha da səmərəli olması qeyd etdiyim kimi ilkin çeşidləmədən çox asılıdır. Bununla bağlı pilot layihə çərçivəsində sakinlər arasında maarifləndirmə işləri aparılır. Bu prosesə dəstək vermək məqsədi ilə ilkin çeşidləmədən sonrakı mərhələ ilə tanış olmaq üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə tərəfimizdən məlumat turları təşkil olunur. Tur iştirakçıları tullantıların çeşidlənməsi və təkrar emal prosesini əyani şəkildə görürlər.
Qeyd edim ki, 2017-ci ildən “Təmiz Şəhər” ASC-nin nəzdində Balaxanı Sənaye Parkı fəaliyyət göstərir. Ötən müddət ərzində burada 25 rezident qeydiyyatdan keçib və tullantılradan istifadə olunaraq məhsul müxtəlif məhsullar istehsal edilir. Hazırda Balaxanı Sənaye Parkı sahibkarlar üçün əlverişli biznes mühitidir. Əvvəlki illərlə müqayisədə hazırda təkrar emala daha çox tullantı cəlb olunur. Qeyd etmək lazımdır ki, bu prosesin daha səmərəli olmasına tullantıların toplanması və və vaxtında daşınması bir başa təsir göstərir
Bakı Şəhəri İcra Hakimiyyətinin nəznində fəaliyyət göstərən “Kommunal Xidmətlər Müəssisəsi” MMC-nin müsbət fəaliyyətini xüsusi vurğulamaq istərdim. Paytaxtda əmələ gələn tonlarla bərk məişət tullantılarının hər gün Cəmiyyətin təsərrüfat sahələrinə gətirilərək təhvil verilməsi təkrar emalla məşğul olan sahibkarların davamlı xammalla təmin olunmasına şərait yaradır.
Gözlənilən nəticələrin istənilən səviyyədə olması üçün hesab edirik ki, çeşidləmə ilə bağlı maarifləndirməni tədbirləri daha da artırılmalıdır.
“Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə gətirilən tullantıların çox hissəsinin təktar emala yararlı olması üçün biz də öz növbəmizdə məlumatlılığın artırılmasına xidmət edən müxtəlif sosial layihələr, tədbirlər və təlimlər təşkil edirik.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ildən Qala qəsəbəsində”Təmiz Şəhər” ASC tərəfindən “Təmiz Qala” layihəsi həyata keçirilir. Layihə çərçivəsində davamlı olaraq qəsəbə sakinləri arasında görüşlər keçirilir və məktəblilərə təlimlər verilir. Müxtəlif dövlət qurumları, özəl şirkətlər və təşkilatlarla birlikdə təmizlik aksiyaları keçirilir. Bütün bu fəaliyyətlər tullantıların düzgün idarə olunmasına xidmət edir.
– Hazırda sizə çeşidləmə məhsulu kimi təhvil verilən tullantılar standartlara nə qədər uyğun gəlir?
– Bir il ərzində Bakı şəhərində əmələ gələn tullantıların 800 min tona qədəri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvil verilir. Bunların böyük bir hissəsini qarışıq tullantılar təşkil edir. Şəhərin mərkəzi hissəsindən gələn tullantıların tərkibinə nəzər salsaq, görərik ki, qarışıq tullantıların içərisində xeyli miqdarda kağız, plastik və karton məmulatlar olmaqla təkrar emala yararlı tullantılar müşahidə edilir. Ona görə də şəhərin mərkəzindən gələn qarışıq tullantılar əsasən çeşidləmə zavoduna gətirilir. Amm, bəzi ərazilərdən gətirilən tullantılara bunu şamil etmək olmaz. Belə olan halda həmin tullantılar Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılaraü zərərsizləşdirilir. Yandırma üçün yararsız olan kütlə isə poliqonda basdırılır. Hazırda Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilən tullantıların 20-30%-ə qədəri təkrar emala yararlı hesab edilir.
– Qarışıq tullantıların yandırəlaraü zərərsizləşdirilməsindən hər il nə qədər elektrik enerjisi alınır? Bu prosesdən digər hansı məhsullar əldə edilir?
– Bakı bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ildən fəaliyyət göstərir. Zavod Şərqi Avropada və MDB məkanında bi tipli yeganə zavoddur. Zavod 4G texnologiyası əsasında fəaliyyət göstərir. İldə 500 min ton tullantını zərərsizləşdirmək gücünə malikdir. Tullantıların yandırılmasından ildə 200 milyon kvt/saata qədər elektrik enerjisi alınır. Bu Gəncə böyüklükdə şəhəri elektrik enerjisi ilə təmin edə biləcək gücdə enerji deməkdir.
Zavod 7/24 iş rejimində çalışır. Biz indiyə qədər tullantıları Bakı şəhərində Balaxanıda yerləşən poliqonda basdırsaydıq, hazırda yeni poliqon axtarışında olardıq. Bu zavodun fəaliyyəti nəticəsində Balaxanı şəhər tullantıları poliqonunun ömrü daha 20 il uzanıb. Zavodda yanma nəticəsində əmələ gələn dib külü yol inşaatında istifadə olunur.
Zavod Avropanın ən sərt ekoloji norma və prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərir. Yandırılma zamanı əmələ gələn tüstü külü xüsusi filtirlər vasitəsi ilə tutularaq, atmosferə atılmasının qarşısı alınır.
– Azərbaycanda tullantı poliqonlarının ləğv edilməsi barədə bir düşüncə varmı?
– İndiki mərhələdə poliqonların tamamilə ləğv edilməsi bir qədər mümkünsüz görünür. Çünki tullantıların içərisində elə fraksiyalar var ki, onları nə çeşidləmək və yandıraraq zərərsizləşdirmək əlverişsizdir. Ona görə də həmin tullantıların təhlükəli tullantılar poliqonunda və sanitar poliqonlarda basdırılması məqsəduyğun sayılır. Yaxın dövrdə poiqonların ləğvi real görünmür, amma poliqona atılan tullantının həcmini azaltmaq mümkündür. Bunun da əsasında düzgün çeşidləmə dayanır. Əslində təkrar emal oluna bilən istənilən tullantınn sahibi var – sadəcə onları çeşidləmək və düzgün yönəltmək lazımdır. Məsələn, yay aylarında meyvə-tərəvəz tullantılarından kompoz (qidalandırıcı gübrə) hazırlayıb Abşeron yarımadasının torpaqlarını münbitləşdirmək olar. Bu həm də qarışıq tullantının azalmasına xidmət edər.
– Dünyanın inkişaf etmiş ölkələrində BMTİE ilə özəl şirkətlər məşğul olur. Bakıda da bu işlə məşğul olan özəl şirkətlər var. Sizcə onlar necə, özünü doğrulda bilirmi?
– Hazırda müəyyəm şirkətlər və sahibkarlar həm tullantıların daşınmasını həyata keçirir, həm də təkrar emalla məşğul olur. Bu yaxşı haldır. Bu sahəyə marağın çoxalması tullantıların həcminin azalmasına və ətraf mühitin mühafizəsinə xidmət edir.
– Bakı şəhərində BMTİE prosesinin bir hissəsini “Kommunal Xidmətlər Müəsissəsi” MMC, digər hissəsini isə “Təmiz Şəhər” ASC həyata keçirir. Bu işlə iki qurumun məşğul olması problemlər yaratmır ki?
–“Təmiz Şəhər” ASC Cənab Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Bakıda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işini həyata keçirir. Bu prosesin səmərəli təşkili qarşılıqlı əməkdaşlıqla mümkündür. Hər hansı bir problem müşahidə edilmir. Hər kəs şahiddir ki, Bakı şəhərində bərk məişət tullantılarının toplanması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi əvvəlki illərə müqayisədə daha yaxşı təşkil olunub.
Akif Nəsirli
"Seherxeber.org"
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təbiətdə zibil yox, tullantı – xammal var” layihəsi çərçivəsində hazırlanıb.
Yazida əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.