“Mən buna imkan verməyəcəyəm” - İlham Əliyev



 

“Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Onları orada ayaqlarından asardılar. Elə iş verərdilər ki, ömürlərinin sonuna qədər həbsxanada yatardılar. Amma burada hesab edir ki, nə istəyir onu da edir. Çünki gedib kimisə görüb, kiməsə salam verib, gedib kiməsə nəsə pay verib. Bunun başqa izahatı ola bilməz”. 

SeherXeber.org ” xəbər verir ki, bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy hadisələri barədə danışarkən deyib.

Dövlət başçısı bildirib ki, dözülməz haldır - bütövlükdə həm oradakı təxribatçıların hərəkətləri, həm xarici şirkətin fəaliyyəti, həm də bizim nazirliyimizin fəaliyyəti:
“Yeganə olaraq burada özünü ləyaqətlə aparan Azərbaycan polisi idi. Onu hər kəs bilməlidir. İndi bəziləri ağızlarını büzürlər. Gedin, açın gözünüzü baxın, Amerika polisi ildə neçə nəfəri öldürür - 1000 nəfəri. Fransa polisi neçə nəfəri öldürür və nəyə görə öldürür? Bu yaxınlarda Fransa polisinin əməllərini bütün dünya gördü. Mən onlara bəraət qazandırmıram, o dözülməzdir. Əfsuslar olsun ki, insanları öldürən o polisin mütləq əksəriyyəti məsuliyyətdən yayınır. Bir müddətdən sonra onları ya ümumiyyətlə məhkəmədə buraxırlar, ya da ki, şərti iş verirlər. Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna imkan verməyəcəyəm və hər kəs bunu bilsin - təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət”.