“New York Times”: "Rus general hər şeyi bilirdi" - Putinə "zərbə"ni ən yaxını vurub?



 

Rusiya Prezidenti Vladimir Putinə xəyanət edən təkcə Yevgeni Priqojin olmayıb.

SeherXeber.org “Hürriyet”ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “New York Times” nəşri yazıb. Qəzetin məlumatına görə, Ukraynadakı keçmiş rus komandiri general Sergey Surovikin “Vaqner” rəhbəri Priqojinin hərbi çevriliş planlarından xəbərdar olub.
Nəşr bu barədə məlumatı ABŞ kəşfiyyatından əldə etdiyini yazıb.

ABŞ rəsmiləri həmçinin bildiriblər ki, digər rus generalları da Priqojinin Müdafiə Nazirliyinin rəhbərliyini zorla dəyişmək cəhdini dəstəkləmiş ola bilər.

“Putinin reaksiyası nə olacaq” sualına cavab axtaran “New York Times” rusiyalı beynəlxalq siyasət üzrə ekspert Aleksandr Baunovun fikirlərini öyrənib. Keçmiş diplomatın sözlərinə görə, Putin ətrafındakı insanları dəyişdirməyi sevməsə də, əgər kəşfiyyatın ona təqdim etdiyi dosyelərdə Surovikinin adı olarsa, vəziyyət dəyişə bilər.
İngiltərənin “Daily Mail” nəşri isə “general Armeqadon” ləqəbli rusiyalı komandirin yoxa çıxdığını, onun məlum hadisələrdən dolayı dindirilmədə ola biləcəyini yazıb.

Qeyd edək ki, Priqojinin Rusiyanın Suriyaya hərbi müdaxiləsi zamanı general Surovikinlə birgə çalışdığı, hətta onu Rusiya ordusunun “ən istedadlı komandir”i adlandırdığı bildirilir.

Surovikin həmçinin 1991-ci ildə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova qarşı hərbi çevrilişdə iştirak edib.

Bundan əlavə, Sergey Surovikin Putinin yaxın çevrəsində bir ad kimi tanınır. Uzun müddətdir ki, Kremlin qərarvermə mexanizmində, xüsusilə də hərbi məsələlərdə rus generalının mühüm yeri olduğu da məlumatlar arasındadır.

Billurə