Kerridən gecikən İraq etirafı: “Bu işğal bir yalana əsaslanırdı”



 

ABŞ-ın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi və keçmiş dövlət katibi Con Kerri İraq müharibəsi ilə bağlı Fransa telekanalına müzakirələrə səbəb olan açıqlama verib.

SeherXeber.org xəbər verir ki, 2003-cü ildə İraqa müdaxilənin yalana əsaslandığını etiraf edən Kerri bunun təcavüzkar müharibə olduğu fikrini rədd edib.

ABŞ diplomatı İraqın işğalının Ukraynadakı münaqişədən tamamilə fərqli olduğunu israr edəndə fransız jurnalist işğalın Bağdadın kütləvi qırğın silahlarına malik olması və “Əl-Qaidə” ilə əlaqəsi barədə yalanlara əsaslanan təcavüzkar müharibə olduğuna diqqət çəkib.

“Yox. Biz o zaman bunun yalan olduğunu bilmirdik. Əldə edilən dəlillərlə insanlar bunun yalan olduğunu anlaya bilmirdilər”, - Kerri deyib.

Keçmiş rəsmi İraqın işğalının təcavüzkar müharibə olmadığını müdafiə edib: “Bu, şübhəsiz ki, hücum müharibəsi deyildi. Bilirsiniz, Prezident Buşun birbaşa günahlandırıldığı bir proses də olmayıb”.

İraqda müxtəlif pozuntuların olduğunu inkar etməyən Kerri həmin vaxt bunlara etiraz etdiyi iddiası ilə çıxış edib.

“İraq müharibəsini yenidən müzakirə etməyəcəm. Əvvəllər buna çox vaxt sərf etmişik, ora girməyin əleyhinə idim. Fikirləşdim ki, nəsə var, amma təəssüf, səlahiyyəti prezidentə vermişik. İşğal yalan üzərində quruldu. Bunun yalan olduğunu anlayanda insanlar ayağa qalxıb doğru olanı etdilər”, - Kerri vurğulayıb.(Teleqraf.com)