İran qadınlarına dəstək "Bizim hekayəmiz eynidir”



 

1983-cü ildə Şirazda 10 bəhai (bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist din) qadının edamı edilməsinin 40-cı ildönümü münasibəti ilə dünya Bəhai icması rəssamları, musiqiçiləri, kino xadimlərini və müxtəlif sənətkarları həmin qadınların xatirəsini müxtəlif yollarla yad etməyə çağırır.

"SeherXeber.org"  xəbər verir ki, bununla bağlı dünya Bəhai icmasının verdiyi bəyanatda “Bizim hekayəmiz eynidir” adlı bu kampaniyanın əsas məqsədi açqılanır.

“Edam olunan bu qadınlara, bütün dinlərə və mənşələrə malik iranlı qadınların son onilliklərdə gender bərabərliyinə nail olmaq üçün göstərdikləri uzunmüddətli səylərə hörmət etməkdir.” – çağırışda deyilir.

Mayın sonlarında başlayacaq kampaniya bir il davam edəcək. İyunun 1-dən 18-ə yəni 10 qadının edam edilməsinin 40-cı ildönümünə qədərki müddət isə anım mərasiminin əsas dövrü olacaq.

1983-cü il iyunun 18-də əksərinin yaşı 30-dan az olan 10 bəhai qadın, o cümlədən 17 yaşlı yeniyetmə qız dinlərini inkar etmək istəmədikləri üçün Şirazda çövkan oyunlarının keçirildiyi Mərkəzi stadionda asılıb. İki gecə əvvəl isə bəziləri həmin 10 qadının qohumu olan 6 bəhai kişi də həmin stadionda edam edilib.

Dünya Bəhai İcmasının BMT-dəki nümayəndəsi Simin Fəhəndəj İrandakı teokratik rejimin belə qeyri-insani davranışının edam olunan qadınların hekayəsinə son qoya bilmədiyini söyləyib.

“Bu 10 bəhai qadının hekayəsi hələ bitməyib. Onların edamı iranlı qadınların bərabərlik yolunda davam edən əzmkarlıq və fədakarlıq hekayəsinin bir fəslidir. Bu gün İranda bərabərliyə nail olmaq istəyən minlərlə gənc qadının qanında, göz yaşlarında və yaralarında ürək ağrıdan ölümü bir çox insanın həyatına təsir edən 10 Şirazlı qadına edilən haqsızlığın əks-sədasını görə bilərik.”, - Simin Fəhəndəj vurğulayıb.