Niyə universitetlərimiz rəqabətədavamlı deyil? - dos. İlham Əhmədov



 

Təhsil naziri bu vəzifəyə yeni təyin ediləndə tez-tez deyirdi ki, mənə problemlərdən danışın, məişət səviyyəsində olan məsələlərdən yox. Həqiqətən də təhsildə problemllər çoxdur və aybaay da artır. Amma nazirliyin özünün təhsildə olan sistem xarakterli problemlərdən danışdığını, onları necə həll etdiyini eşitmədik, verilən təkliflərin nəzərə alındığını da görmədik. Təhsildə olan sistem xarakterli problemlər onların gündəliyində yoxdur, çünki, bu problemlər aysberqin görünməyən tərəfidir, bunu görmək isə asan deyil.
Təhsildəki ciddi problemlərdən biri də bu sahədə qəbul edilmiş dövlət proqramlarının hazırlanması, icrası və monitorinqi ilə əlaqədardır. Təcrübə göstərir ki, təhsilə dair strategiyalar və dövlət proqramlarının əksəriyyəti keyfiyyətsiz və yarımçıq hazırlanır, maliyyələşməsi qeyri şəffaf olur və natamam olur, icrası səriştəsiz adamlara həvalə olunur. Heç bu proqramların icra nəticələrinin monitorinqi də aparılmır.
Təbii ki, belə dövlət proqramları təhsilə fayda verə bilməz. Bu natamam dövlət proqramlarından biri də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır (https://e-qanun.az/framework/40711).
Proqrama nəzər yetirməzdən əvvəl gəlin görək, universitetlərin rəqabətədavamlığı nədir? Beynəlxalq təcrübədə universitetlərin rəqabətədavamlığı meyarları təxminən belə təyin edilib:
1. Universitetdə təhsilin keyfiyyət səviyyəsi (yəni, universitet ENQA - Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının akkreditasiyasından keçibmi?)
2. Universitetdə aparılan elmi- tədqiqatlar və onların nəticələrinin kommersialaşdırılması səviyyəsi necədir?
3. İşəgötürənlərin ATM məzunlarına olan tələbatı.
4. Universitetin qlobal reytinqlərdə yeri
5. Universitetin əsas ixtisaslar üzrə reputasiyası
6. Büdcə hesabına təhsil alan tələbələrin sayı
7. Tələbələrin xaricdə təhsil imkanları (tələbə mobilliyi)
8. Universitet yataqxanalarında yerlərin sayı
9. Universitetin rəqəmsal transformasiya vəziyyəti
10. Universitetin distant təhsil imkanı
Bu meyarlarla dövlət proqramına nəzər salsaq görərik ki, proqramda universitetlərin rəqabətədavamlılığı ideyası çox zəif əks edilmişdi. Bu səbəbdən proqram universitetlərimizin rəqabətədavamlığını təmin edə bilməzdi. Belə təsəvvür yaranır ki, bu proqramı hazırlayanlar universitetlərin rəqabətədavamlığı anlayışı barədə zəif təsəvvürə malik olublar. Ona görə də proqramı universitetlərimizin rəqabətədavamlığını yüksəldə bilmədi. Şübhəsi olan yuxarıdakı 10 meyara bir daha baxsın.

"SeherXeber.org"