“Mütləq “putyovka” götürəcəyəm”, “Qusara gəlin”, “İmkan yoxdur...” - Deputatlardan yay tətili ilə bağlı AÇIQLAMALAR



 

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları gələn ay tətilə çıxacaqlar. Onların tətil müddəti iyulun 15-dən avqustun 30-dəkdir. Bəs görəsən deputatlarımız yay tətillərini harada keçirməyi planlaşdırıblar?

Pravda.az deputatlar arasında bununla bağlı sorğu keçirib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli yay tətili barədə dəqiq planının olmadığını deyib:

390529

“Hələ tətili harada keçirəcəyimi müəyyən etməmişəm. İmkan olsa, həyat yoldaşımla ailəvi Naftalan kurortuna gedəcəyik”.

Parlamentin Aqrar komitəsinin sədri Tahir Rzayev isə istirahətini ölkə daxilində keçirməyi planlaşdırır:

390528

“Hər il yay tətili vaxtı, sözsüz ki, respublika daxilində oluram. Başqa yerlərə getməyə indi bir az imkan yoxdur. Bir müddət rayonda olacağam. İnsanlarla görüşəcəyəm. Sonra ola bilsin, bir neçə gün dincəlmək üçün rayonlara, yerli sanatoriyalara getdim. Hər il Mərdəkanda dincəlirəm. “Putyovka” götürüb sanatoriyalarda dincəlmək fikrim var. Başqa yerə getməyi düşünmürəm. Hamıya yaxşı istirahət arzulayıram”.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev də yay istirahətini ölkə daxilində etməyi planlaşdırır:

390527

“Respublikadan çıxmayacağam, ölkə daxilində olacağam. Rayona gedəcəyəm. Tətilin bir hissəsini də Bakıda keçirəcəyəm. Xarici ölkələrə gedib istirahət etməyə o qədər də çox meyilli deyiləm. Eyni zamanda aktiv istirahəti xoşlayıram, passiv yox. Ümumiyyətlə, daha çox qış istirahətini xoşlayıram, nəinki yay”. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov düşünür ki, yay tətili keçirmək üçün ən gözəl yer Qusardır:

390532

“Kimlər istirahət etməyi planlaşdırmayıbsa, Qusarı seçməyi tövsiyə edirəm. Qusarın gözəl təbiəti, ləzzətli mətbəxi və ən əsası qonaqpərvər sakinləri var. Qusar həm də deputat seçildiyim doğma rayonumdur. Yay tətili vaxtı Qusarda rayon əhalisi ilə bir yerdə olmağı planlaşdırıram. Hamıya gözəl yay istirahəti arzulayıram”. 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov da xaricə getməyi düşünmür:

390531

“Adətən iyul ayının 15-dən tətilə çıxırıq. Millət vəkillərinin əksəriyyəti tətilini öz bölgələrimizdə keçirir. Keçən dəfə Şəkidə dincəlmişdim. Bu dəfə isə fikrim var ki, Qusar rayonu ərazisindəki istirahət mərkəzlərinin birində 10-15 gün dincəlim. Amma xeyli yarımçıq qalmış işlərimiz də var. Dincələndən sonra seçicilərimlə, xüsusən şəhid ailələri və qazilərlə çoxsaylı görüşlər planlaşdırıram”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə tətilinin yarısını öz bağ evində keçirməyi fikirləşir:

390530

“Yarısını isə Allahın köməkliyi ilə Lənkəranda keçirməyi planlaşdırıram”.