"Qanuna yük avtomobilləri və avtobusları da əlavə edilsin"



 

"Yük avtomobillərinin və avtobusların mühərrik həcminin, yanacaq sərfiyyatının daha böyük olmasını və işlətdiyi yanacağın da əsasən dizel yanacağı olmasını nəzərə alsaq, hesablamalara görə, onların atmosferə buraxdığı zərərli tullantıların həcmi, minik avtomobillərindən də çoxdur".

SeherXeber.org xəbər verir ki, bunu deputat İltizam Yusifov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yük avtomobilləri və avtobuslar yaşı daha köhnədir, yəni 90%-nin yaşı 10 ildən yuxarıdır: "Bunlar da əsasən Sovet və Rusiya istehsallı maşınlardır və heç bir elektronika və xüsusi klima qurğularına malik deyildirlər. Bu da o deməkdir ki, onların utilizasiyası minik avtomobillərdən daha təhlükəsiz və ətraf mühitə zərərsiz icra oluna bilər. Çünki avtomobillərin utilizasiyası bahalı bir prosesdir. Üstəlik, avtobuslarla sərnişin daşınır, bu da insan həyatı deməkdir. Bu səbəbdən təklif edirəm ki, qanuna minik avtomobilləri ilə yanaşı, yük avtomobilləri və avtobuslar da əlavə edilsin".

Onun sözlərinə görə, yeni dəyişikliyə əsasən, bu gün avtomobil ehtiyat hissələri bazarında xalq arasında "ölüxana" deyilən bir fəaliyyət növü rəsmiləşir: "Bu, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində atılan addım kimi yaxşı bir haldır. Lakin həmin ehtiyat hissələrinin yararlığını kim müəyyən edəcək, onların keyfiyyətinə kim təminat verəcək? Yararsız ehtiyat hissələri artıq açıq şəkildə satılaraq bazara daxil olacaq və bu da təhlükəsizlik baxımından çox risklidir. Yəni bu məsələlərə gələcəkdə aydınlıq gətirilməlidir".

Mürtəza
SeherXeber.org