Səndən öncəkindən irəli düşmək cəhdi



 

buna nail olmaq

Dünən klinikaların birinə USM -ə (Ultrasəs müayinə, sonoqrafiya) getmişdim. Əlavə vaxt itkisi olmasın deyə,  bir gün əvvəldən zəng edib növbə götürmüşdüm.

Getdim, vaxtım çatdı, müayinə otağına keçmək istəyirdim ki, bir  millət vəkili gəldi (adını ona görə yazmıram ki, o, tek deyil, çiyindaşların 90%-i bu gündədir-Ş.S), heç qapını da döymədən keçdi məndən irəli. Yəni növbəmə girdi. Ardınca qapını döydüm ki, xanıma deyəm bəs mənim növbəmdi, kəlməm eləcə yarımçıq qaldı, köməkçi qız bildirdi ki, hələ 20-25 dəqiqə əlavə yenidən gözləməliyəm.

Yeni bir şey demirəm, hamının həyatında cəmi bir dəfə olsa mütləq ki, qarşılaşdığı bir haldan danışıram. Bilirəm ki, bu misraları oxuyanlarınızın 80% -i belə hallarla demək olar ki, hər gün qarşılaşır, bilmədiyiniz, eşidib görmədiyiniz şey deyil.

Bəli, bizdə belələri - fürsətçil, məqamdan sui- istifadə edən, səlahiyyət sahibi olduğunu ərkanə yerişiylə gözə soxub ətrafındakını görməzdən gələrək qapı döymədən, izin almadan, növbə gözləməyi özünə sığışdırmayan, növbələşməyi bacarmayan mədəniyyət kasadları çoxdu, həm lap çox.

Bu elə bir məsələdir ki, burda xalqın qədimliyinin, yaxud dövlətin müstəqilliyinin gənc olub - olmaması əsla önəmli deyil.

Düzdü, yaşadığımız coğrafiyadakı torpağın altı da, üstü sərvətlərlə doludu, bu cəhətdən zənginik. Amma görünən odur ki, türklüyümüz, milli-mənəvi dəyərlərimiz özünü cəmi xalqımızda təcəlli etməyib, bu sarıdan çox, həm lap çox kasıbıq.

Növbələşməyi, növbə gözləməyi bacarmaq mədəni, kübar insanlara xas xüsusiyyətdi. Gərək mədəniyyətin ola ki, təkcə özünə deyil, ətrafındakılara da hörmət etməyi bacarasan. Bildiyim inandığım qədəri bu kasad hali-xislətdən qurtulmağın tək yolu cərimədi, qanuni cərimə. Bildiyimiz kağız üzərində qalan qanunlarla deyil, bir növü Hitler üsulu ilə, yaxud dəyənəklə olsa, gerçək cərimə. Yeganə yolu budu. Yoxsa bu deputatdı, bu dayımdı, o əmimdi ilə heç nəyə nail olmayacağıq. Belə davam edəriksə, onu-bunu qabağa salmaqla digərlərini mənəvi əzəriksə növbələşmə mədəniyyətini əsla qazanmarıq.

Dediyim kimi, bu mədəniyyətsizlik cəmiyyətdə ona görə adiləşib ki, hər bir sahədə məsələdə nəzərdə tutulan, müəyyənləşdirilən qanun sayılan qaydaları yaranan bir gündən pozmuşuq buna israrla da davam edirik. Bu bizim faciəmizdi, anlayana.

Məqsəd səndən qabaqda durandan irəli düşmək cəhdi buna nail olmaqdır. Belə mədəniyyətsizliyi bir edirik, iki edirik, kimsə abrına bükülüb səsini çıxarmır, elə bilirik qorxur ya da ki, qanmır.

Bəzən kimsə irəli durub haqqını tələb edir, yerdə qalanlar mal kimi durub tamaşa seyr edirmiş kimi baxır. Kimisi fürsətdən istifadə edibtik-toküçün material hazırlayır, vurhəşir xəlvətləyib video çəkir. Bax, buyuq, hələ ki, başqa cür ola bilməmişik.  

İməkləmədən qalxıb ayağımız yeni yer tutandan, ağlımız söz kəsəndən, bir sözlə, yaşam tərzimizdən başlanan növbələşməməyimiz getdikcə sonradan həyatımıza, ordan da məişətimizə, daha sonra da rəsmiyyətimizə qədər nüfuz edib. Dükan, bazar, alış-veriş qaydalarımızdan tutmuş yol, küçə keçməyimizə qədər, hər yerdə yanlışlığa yol verə, verə gedirik...

Belə-belə, bir-birimizdən qabağa düşmək uğrundayarışırıq”. Təkrar da olsa yenə deyirəm ki, bütün bunların bir adı var - mədəniyyətsizlik. Hansı ki, bunun əksi hər şeyin əvvəlində olmalı ki,  bu fəsad dolayısıyla hüquqların, duyğuların, mənəviyyatın, şərəfin, ləyaqətin pozulmasına bir az da yol açmasın. Əks təqdirdə, bu, insanın insana hörmətsizliyinin, sevgisizliyinin açıq nümayişi sayılır.

Bildiyimiz qədəri başqa xalqlarda bu qaydalara əməl olunur. Bəs bizdə niyə olmur - kimi o qədər suallar yaranır ki, bu mövzuya aid.

Məsələn, niyə növbəmə girən həmin o deputat sankisən ağrısan da, ağrımasan da, mənim heç vecimə deyil, çünki mənim adım-sanım var, deputatam, istəklərim , yaşam tərzim , səndən üstündür” - mesajını verdi? 

Səbəb nədir? O cür davranışına görə kimdən, hardan güc alır?

Məndən soruşsanız deyərəm. Ki, sən xalqın, millətin vəkili deyil, düşmənisən, özü etikadan, mərifət mədəniyyətdən kənar, bugünümüzün, gələcəyimizin düşmənisən. qədər ki, gec deyil, bəlkə papağını qarşına qoyub bir düşünəsən. Çünki mədəniyyət növbələşməyi bacarmaqdan başlayır.

 P.S. Harada olmağınızdan asılı olmayaraq haqqınızı tələb edin. Bu tələbi özünüzə əksiklik bilməyin. Bilin ki, bu gün xırda hesab etdiyiniz haqsızlığa qarşı gəlməsəniz, sabah böyüyüb problemlərə çevriləcək. O zaman ona heç gücünüz çatmayacaq.

Gəlin, bu yolda cəm olaq. Olmarıqsa cəmiyyətdə gördüyümüz kiçik-böyük naqisliklər əsla bitməyəcək.