OPEC ilə bağlı gözləntilər nefti bahalaşdırır



 

Bir sıra OPEC ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarları neftin dünya bazar qiymətində yenidən artımlara səbəb olub. "Brent" markalı neftin qiyməti 4%-dən çox yüksələrək hər bareli 84 dollara satılır. Qeyd edək ki, ötən ayın ortalarında neftin bir barelinin qiyməti 74 dollaradək azalmışdı.

SeherXeber.org xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, gündəlik hasilatın Səudiyyə Ərəbistanında 500 min barel, Rusiyada 500 min barel İraqda 211 min barel, Küveytdə 128 min barel, Qazaxıstanda 78 min barel, Omanda 40 min barel, Əlcəzairdə 48 min barel azaldılması planlaşdırılır:

"Bununla OPEC və tərəfdaşları neft bazarında qiymət stabilliyinə nail olmağa çalışırlar. Bu da artıq bazarda öz təsirlərini göstərməkdədir".

"Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımından əhəmiyyətlidir. Valyuta daxilolmalarının 80%-i neft və neft məhsullarının payına düşür. Neftin qiymətinin yüksəlməsi enerji ixracatından daha çox gəlir əldə etməyə imkan verir. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Son qiymət artımlarına rəğmən, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir", - deyə millət vəkili əlavə edib.