Turanı öldürən şəxsin məhkəməsi başlayır



 

Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"SeherXeber.org"-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası hələlik açıqlanmayıb.

Qeyd: Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 2006-ci il təvəllüdlü Tural Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Xatırlatma: T.Rüstəmovu yarış vaxtı tribunada bıçaqlayaraq öldürən R.Səfixanovun atası, Əməkdar məşqçi Elçin Səfixanov Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətində çalışır. O, mülki işçi kimi həmin cəmiyyətdə fəaliyyət göstərir.