İki metr parça gəncin ölümünə səbəb oldu - Qətlin təfərrüatı



 

Kürdəmir rayonunda qətl hadisəsi törətməkdə şübhəli bilinən Tural Rəsulovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"SeherXeber.org" xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən ticarət mərkəzində baş verib.

Aralarında yaranan mübahisə zamanı 21 yaşlı Tural Rəsulov rayonun Şıxınlı kənd sakini, 18 yaşlı Daşqın Osmanovu bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Tural Rəsulov hadisədən bir gün sonra saxlanılaraq istintaqa təhvil verilib.

İş üzrə dindirilmiş Tural Rəsulov ifadəsində fərdi qaydada divan-kreslo düzəldərək "Təzə Bazar" adlanan ticarət mərkəzində satdığını bildirib. İşi ilə əlaqədar ona lazım olan bez parçaları müxtəlif mağazalardan, çox vaxt isə Fariz adlı şəxsə məxsus dükandan aldığını qeyd edib. 
Hadisə baş verən günü günorta saat 13:00 radələrində qara rəngli parça almaq məqsədi ilə ticarət mərkəzinə gəlib. Divan üçün 5 metr üzlük parça almasına baxmayaraq, bez parça tapa bilməyib və dükanlara baxa-baxa Farizin mağazasına gəlib.

Coşqun adlı satıcıdan 2 metr parça istəyib. Sonuncu onu kəsdikdən sonra Tural parçanı bükməsini xahiş edib. Bu zaman kənarda olan Daşqın üstünə qışqıraraq "nə olub büküb verir də, bükməsə nə olacaq ki?" deyib. Parçanı götürüb mağazadan çıxan Tural satıcıya sabah söhbət edəcəklərini söz verib. 

"Satıcıya dedim, parçanı bük ver. Bu vaxtı kənardan Daşqın başladı ki, elə kobud niyə deyirsən ki? Dedim, kobud demirəm, ola bilər elə başa düşmüsən. Elə mağazadan çıxmaq istəyirdim, dedi, gəl bura görüm, sən nə demək istiyirsən. Dedim, qalsın sabaha söhbətimiz. Mən tələsirəm, işim var. Bu vaxt Daşqın mənə yumruq atdı".

Rəsulovun sözlərinə görə, mağazadan çıxan kimi Daşqın ona yumuq və təpiklə zərbələr endirib. Sonra hər ikisi ciblərindən bıçaq çıxarıblar. Coşqun onları aralamağa çalışıb. Tural Daşqının ondan əl çəkmədiyini görərək hirslənib və onun sinəsinə bıçaqla bir zərbə endirib. Daşqının bədənindən qan axdığını görən Tural bıçağı cibinə qoyub oradan uzaqlaşıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etək mümkün olmayıb.

Tural Rəsulov ifadəsinin davamında bildirib ki, hadisədən sonra gecə evlərinin yaxınlığında olan heç kimin yaşamadığı həyətdə gizlənərək gecələyib. Sabahsı gün axşam evlərinə gedərkən həyətlərində polis əməkdaşlarını görüb və onlarla birlikdə şöbəyə gəlib.

Məhkəmə prosesində Tural Rəsulov ittiham üzrə özünü qismən təqsirli bilib. 

Sonda məhkəmənin hökmü ilə Turla Rəsulov 11 il müddətinə azadlıqdan məhrum edilib.