XİN rəhbəri: "Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın üç tələbindən ikisini rədd edib"



 

Beynəlxalq Ədalət Məhkəməsində "Azərbaycan və Ermənistanın qarşılıqlı iddiaları var. Bu işlərə baxılması kifayət qədər uzun bir prosesdir. Hətta illərlə davam edə bilər".

SeherXeber.org xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarından da danışıb: “Orada Ermənistan tərəfindən Azərbaycana qarşı 3 tələb irəli sürülmüşdü. Birinci iddia ondan ibarət idi ki, Laçın-Xankəndi yolunda vətəndaş cəmiyyəti üzvləri tərəfindən keçirilən aksiya guya Azərbaycan hökuməti tərəfindən təşkil olunub. Buna görə Azərbaycan dövlətinə qarşı qərar çıxarılması tələb edilmişdi. Məhkəmə bu iddianı rədd etdi. İkinci iddiada deyilirdi ki, guya Azərbaycan dövləti Qarabağa gedən kommunikasiya xətlərinə müdaxilə edir. Məhkəmə bu iddianı da əsassız olduğu üçün rədd etdi. Üçüncü iddia isə Laçın yolunun Azərbaycan tərəfindən dərhal bütün şəxslər üçün açılması tələbi idi. Məhkəmə tərəfindən Ermənistanın tələb etdiyi formada deyil, fərqli bir formada qərar çıxarılıb. Azərbaycanın öz səlahiyyətləri daxilində şəxslərin, yüklərin və nəqliyyat vasitələrinin keçidinin təmin edilməsi barədə qərar çıxarıldı. Qərardan öncə də Azərbaycan məsuliyyətli tərəf olaraq humanitar məqsədli keçidlərin təmin edilməsi istiqamətində bütün addımları atıb və bundan sonra da atacaq. Bütün hadisələr də göstərir ki, Azərbaycan dövlətinin davranışı məhz bu istiqamətdədir. Biz gündəlik olaraq sülhməramlı kontingentlə təmasdayıq. Bilirik nə baş verir. Hansısa humanitar böhranın yaranmaması üçün əlimizdən gələn səyləri göstəririk. Bunun göstəricisidir ki, bu günə qədər 3 mindən artıq nəqliyyat vasitəsi Laçın-Xankəndi yolundan keçib. Onların əksəriyyəti sülhməramlılara aiddir. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də daim əlaqədəyik. Mütəmadi olaraq görüşlər keçiririk. Onlar da vəziyyətdən xəbərdardırlar”.