Hikmət Hacıyev: "Cəzasızlığa son qoyulmalıdır"



 

“366-cı Sovet hərbi alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinin qəsdən, amansızcasına qətlə yetirilməsi müharibə cinayəti, insanlığa qarşı cinayət, soyqırım aktıdır”.

SeherXeber.org ” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb.

"Cəzasızlığa son qoyulmalıdır!" yazan H.Hacıyev mövzu ilə bağlı CBC televiziya kanalına verdiyi müsahibəni də paylaşıb.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.