Müasir mediamızın iç üzü
Azərbaycan mediası necə buyruq quluna çevrildi?
Müasir Azərbaycan mediasının bugünkü durumu, təkcə namuslu, haqq sözə dəyər verən jurnalistləri deyil, eyni zamanda bütün ölkə əhalisini narahat etməlidir. Çünki azad, müstəqil mediası olmayan ölkə heç vaxt inkişaf edə bilməz. Cəmiyyətin aynası hesab olunan medianı susdurmaq, onu cəmiyyətdən təcrid etmək isə ölkədə xaos yarada bilər.
Yaddaşınızı köməyə çağırsanız görəcəksiniz ki, bir vaxtlar sözü heç yana çatmayan vətəndaş, son ümid yeri kimi redaksiyaların qapısını döyərdi. Çünki jurnalist sözü hər yerdə keçərli idi. Bu proses MŞ (Mətbuat Şurası) və KİVDF (Kütləvi informasiya vasitələrinə dövlət dəstəyi fondu) yaradılana qədər davam etdi. Açıq etiraf etməliyəm ki, bu qurumların yaranması ilə Azərbaycan mediasının tənəzzülü başladı. Bir çox müstəqil qəzetlərin fəaliyyəti müxtəlif səbəblər üzündən tam olaraq dayandırıldı. Başqa bir qrup qəzetlər MŞ-nın "bığı altından" keçmədikləri üçün reket elan olundu. Dövlətdən dəstək (əslində, susqunluq üçün verilən rüşvət) alan başqa bir qrup qəzetlər isə ələbaxımlığa sövq edilərək, müsqəqilliklərini itirmiş oldular. Bununla da, ümumiyyətlə ölkəmizdə müstəqil medianın fəaliyyətinə son qoyulmuş oldu. Məlumdur ki, pul verən, həm də öz sifarişini verir, bu bir aksiomdur.
Beləliklə, Azərbaycan mediası da məmurların girovuna çevrildi. Müxitəlif nazirliklərin, komitələrin, icra hakimiyyətlərinin həmin qurumlarla birgə keçirdikləri müsabiqələr də bu planın tərkib hissəsinə çevrildi və bu, açığı bir məzhəkə idi. Müstəqil medianın hədəfində olan bir çox qrumlar MŞ və KİVDF ilə birgə müsabiqələr keçirməklə (özlərini təriflətməklə) bir növ özlərinin bəd əməllərinə həqiqət və reallıq donu geyindirməyə çalışırdılar. Bu da insanların gözündən qaçmır, necə deyərlər "elin gözü tərəzidir" axı. Bu səbəbdən də, qəzetlərin tirajı kəskin aşağı düşür, mədhiyyələr yayan qəzetləri heç kim almır. Bunlar isə özlərinə haqq qazandırmaq üçün günahı elektron medianın və saytların üzərinə atır. MŞ və KİVDF-nin keçirdiyi müsabiqələrdə ən azından 80-100 jurnalist iştirak edir və tərif yazır, məmurlar da bunun müqabilində onlardan 10-15 nəfərinə mükafat verir. Bunun da adı olur medianın inkişafına dövlət dəstəyi.
Dövlət demişkən, dövlət nədir? Toplum olmazsa, dövlət ola bilərmi? Deyəsəksiniz ki, yox, ola bilməz. Belə olduğu təqdirdə, toplumun yaratdığı dövlət toplumun iradəsinin əksinə qanunlar qəbul edə bilərmi? Bilməz! Edir axı! Amma və lakin...
Məsələn, toplum illərdir ölkədə pensiya yaşının artırılmasına etiraz edir. Pensiyaların məbləğinin isə artıqılmasını tələb edir, Amma və lakin...
Belə olduğu təqdirdə toplum nə etməlidir?
Normal cəmiyyətlərdə bütün bu sualların cavabını media axtarıb tapmalı və cəmiyyətə təqdim etməlidir. Çünki media təkcə cəmiyyətin güzgüsü deyil, həm də bir növ hökumətlə toplum arasında körpü rolunu yerinə yetirməlidir. Yetirə bilirmi? Yox. Onda belə meldia kimə lazımdır? Digər tərəfdən cəmi min nüsxə çap olunan və heç kimin əlinə almadığı müasir medianın cəmiyyətə təsir gücü nə qədər olar?
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, jurnalistlər mənim dostlarımdır. Mən bilmədiyim bir çox şeyləri mediadan öyrənirəm. Bugünkü media Prezidentə hansı vacib informasiyanı verə bilər ki, hamısı hansısa məmurun təmsilçisinə çevrilib. Dost dostuna yalan danışmaz. Bu dostluğun təməl prinsiplərindən biridir. Bu gün dövlətdən dəstək alan media isə reallıqdan çox uzaqdır və reallığı əks etdirmək iqtidarında deyil. Özünə müstəqil deyən media qurumları da, artıq çoxdan cəmiyyətdən kənar vəziyyətə salınıblar. Məcburən, zorən, yaxud könüllü fərq etməz...
Yeni yaradılan MİA (Medianın inkişafı Agentliyi) isə yaradılan gündən Azərbaycan jurnalistlərinə yazı yazmaq dərsi keçməklə məşğuldur. Əgər siz həqiqətən də, Azərbaycanda müstəqil medianın inkişafını istəyirsinizsə, onda "Müxalifət","Azadlıq", "Paralel" və bu kimi digər qəzetlərin qabağına qoyduğunuz səddi götürməlisiniz. Onda MİA da görər ki, Azərbaycan jurnalistlərinə dərs demək lazım deyil, bizim jurnalistlərimiz istənilən ölkənin jurnalistlərinə dərs deyərlər sözün bütün mənalarında.
Əslində, bu dərs demək məsələsinin də bir çox qaranlıq məqamları var, qalsın gələn dəfəyə...
Yusif